Hazırkı geosiyasi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artacaq - ŞƏRH
Orta Dəhlizin əhəmiyyəti son illər qlobal geosiyasi və geoiqtisadi proseslərin təsiri ilə daha da artıb. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr və hərbi münaqişələr Şərqlə Qərbi birləşdirən ənənəvi nəqliyyat marşrutlarında təhlükəsizlik və logistika baxımından ciddi çağırışlar yaradıb. Belə bir şəraitdə daha təhlükəsiz, dayanıqlı və etibarlı alternativ marşrut kimi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta Dəhlizin rolu xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, hazırkı geosiyasi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyətinin qarşıdakı dövrdə daha da artacağı gözlənilir. Azərbaycan isə bu reallıqları nəzərə alaraq Orta Dəhlizin potensialının artırılması, fiziki infrastrukturun genişləndirilməsi, logistika imkanlarının təkmilləşdirilməsi, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması onun üzərindən daşınan yüklərin həcmindəki yüksəlişdə də özünü göstərir. Bir neçə il əvvəl Orta Dəhliz üzrə illik yükdaşımaların həcmi təxminən 3.2 milyon ton təşkil edirdisə, hazırda bu göstərici 5 milyon tona yaxınlaşır. İnfrastruktur layihələrinin başa çatdırılması və marşrutun səmərəliliyinin artırılması ilə bu göstəricinin gələcəkdə daha da yüksələcəyi gözlənilir. Marşrutun əsas halqalarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı da Orta Dəhlizin potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Liman infrastrukturunun genişləndirilməsi, istehsal və logistika imkanlarının bir arada inkişaf etdirilməsi Azərbaycanın tranzit və regional ticarət mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Orta Dəhlizin inkişafında rəqəmsallaşma da əsas prioritetlərdən biridir. “Rəqəmsal vahid pəncərə” sisteminin tətbiqi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, gömrük prosedurlarının avtomatlaşdırılması və müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası tranzit əməliyyatlarının sürətləndirilməsinə xidmət edir. Gömrük-keçid məntəqələrində prosedurların elektronlaşdırılması və məlumat mübadiləsinin vahid informasiya sistemi üzərindən həyata keçirilməsi yükdaşıma proseslərinin daha səmərəli və şəffaf təşkilinə imkan yaradır”, - deyə deputat vurğulayıb.
Azər Allahverənov Orta Dəhlizin inkişafının yalnız infrastruktur layihələri ilə məhdudlaşmadığına diqqət çəkib: “Marşrutun səmərəli fəaliyyət göstərməsi üçün ondan istifadə edən daşıyıcı şirkətlərin prosesə fəal cəlb edilməsi, beynəlxalq yük axınlarının Orta Dəhlizə yönəldilməsi və logistika operatorları arasında əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Bütövlükdə Azərbaycanın Orta Dəhliz strategiyası marşrutun daha sürətli, səmərəli və rəqabətqabiliyyətli olmaqla yanaşı, təhlükəsiz və etibarlı nəqliyyat dəhlizinə çevrilməsinə hesablanıb. Bunun üçün fiziki infrastrukturun inkişafı, rəqəmsal həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi paralel şəkildə həyata keçirilir. Bu yanaşma Orta Dəhlizin yalnız alternativ nəqliyyat marşrutu kimi deyil, həm də Avrasiya məkanında ticarət, logistika və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verən strateji nəqliyyat arteriyası kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın həyata keçirdiyi ardıcıl tədbirlər isə ölkənin Şərqlə Qərb arasında etibarlı tranzit qovşağı kimi rolunu gücləndirməklə yanaşı, Orta Dəhlizin qlobal nəqliyyat sistemində geostrateji əhəmiyyətini də artırır”.




































































