Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunu

Hit: 170
Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunu
Hər bir xalqın tarixini, mədəniyyətini, milli düşüncə tərzini və mənəvi dəyərlərini yaşadan ən mühüm amil onun ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, milli kimliyinin əsas göstəricisi, dövlətçiliyinin ayrılmaz atributudur. Məhz bu səbəbdən tarix boyu müstəqilliyini itirən xalqlar ilk növbədə dillərini qorumağa çalışıb, ana dilini milli varlıqlarının əsas dayağı hesab ediblər.
 
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
 
O bildirib ki, Azərbaycan dili minilliklər boyu zəngin inkişaf yolu keçib. Türk dilləri ailəsinin oğuz qrupuna aid olan bu dil öz zəngin lüğət tərkibi, ahəngdarlığı, poetik imkanları və ifadə vasitələrinin rəngarəngliyi ilə seçilir. Lakin XIX və XX əsrlərdə ölkəmizin müxtəlif imperiyaların tərkibində olması ana dilimizin inkişafına müəyyən maneələr yaradıb. Xüsusilə sovet hakimiyyətinin ilk onilliklərində milli dillərin sıxışdırılması istiqamətində müxtəlif siyasətlər həyata keçirilib, ana dili məsələsini gündəmə gətirən ziyalılar ciddi təzyiqlərə məruz qalıblar.
 
“Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi deyildikdə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı xüsusi ehtiramla anılır. Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası təsbit olunub. Bu qərar təkcə hüquqi sənəd deyildi. Bu, milli kimliyin qorunması istiqamətində atılan tarixi addım idi. Məhz həmin dövrdə Azərbaycan dili məktəblərdə, ali təhsil müəssisələrində, mədəniyyət ocaqlarında və kütləvi informasiya vasitələrində daha geniş tətbiq olunmağa başladı.
 
Müasir dövrdə isə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və xarici dillərin təsirinin artması Azərbaycan dili qarşısında yeni çağırışlar formalaşdırıb. Gündəlik danışıqda lüzumsuz xarici sözlərin işlədilməsi, reklam lövhələrində və mediada dil normalarının pozulması, sosial mediada orfoqrafik qaydalara əməl edilməməsi ana dilimizin saflığına müəyyən təhlükələr yaradır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Dövlətimizin başçısı qeyd edib ki, dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur. Bu çağırış yalnız dövlət qurumlarına deyil, müəllimlərə, jurnalistlərə, yazıçılara, alimlərə, valideynlərə və bütövlükdə cəmiyyətə ünvanlanmış milli məsuliyyət çağırışıdır”, - deyə deputat bildirib.
 
Şahin Seyidzadə son illər Azərbaycan dilinin inkişafı istiqamətində mühüm dövlət proqramlarının həyata keçirildiyinə diqqət çəkib: “Xüsusilə rəqəmsal texnologiyalar dövründə Azərbaycan dilinin proqram təminatlarında, elektron xidmətlərdə, süni intellekt platformalarında və beynəlxalq informasiya resurslarında daha geniş istifadə olunması strateji əhəmiyyət daşıyır. Azərbaycan dilinin gələcəyi, ilk növbədə, gənc nəslin bu dilə münasibətindən asılıdır. Məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, düzgün nitq mədəniyyətinin formalaşdırılması, klassik və müasir Azərbaycan ədəbiyyatının oxunması, milli terminologiyanın inkişaf etdirilməsi gələcəyimiz üçün mühüm vəzifələrdir. Hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən qəbul olunan qanunlar, fərmanlar və dövlət proqramları Azərbaycan dilinin qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə saf şəkildə ötürülməsinə xidmət edir”.






Redaktorun seçimi