Siyasi şərhçi: Mina təhlükəsinə qarşı qlobal həmrəylik zəruridir
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan bərpa modelinin əsas nümunələrindən birinə çevrilib. Dövlət tərəfindən həyata keçirilən ardıcıl investisiya siyasəti Böyük Qayıdış proqramının praktiki nəticələrini daha da sürətləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, təkcə cari ilin birinci yarısında azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılmış vəsaitin 1 milyard manatı ötməsi bu istiqamətin dövlət siyasətində dəyişməz prioritet olduğunu bir daha nümayiş etdirir.
“Lakin bərpa və qayıdış prosesinin qarşısında duran əsas maneə mina təhlükəsi olaraq qalır. Son günlər mina partlayışlarının artması bir daha göstərir ki, Ermənistanın uzun illər ərzində basdırdığı minalar təkcə hərbi deyil, həm də humanitar təhlükə mənbəyidir. Minalar insanların öz doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidir, yeni yaşayış məntəqələrinin salınmasını və kənd təsərrüfatı fəaliyyətinin bərpasını çətinləşdirir. Bu baxımdan, mina problemi regional deyil, beynəlxalq humanitar təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir”, - deyə Ü.Zülfiqar bildirib.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan bir tərəfdən öz daxili resursları hesabına bərpa və minatəmizləmə işlərini davam etdirir, digər tərəfdən isə beynəlxalq platformalarda mina terrorunun humanitar nəticələrini ardıcıl şəkildə gündəmə gətirir.
“BMT, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təsisatlar minatəmizləmə layihələrinin maliyyələşdirilməsi, müasir texnologiyalar və texniki dəstəyin genişləndirilməsi istiqamətində daha fəal rol oynamalı, eyni zamanda, mina terrorunun yaratdığı humanitar fəsadlara münasibətdə susqunluq nümayiş etdirməməlidirlər. Minaların dinc insanların həyatına son qoyması bütövlükdə beynəlxalq humanitar hüququn və təhlükəsizliyin ciddi çağırışıdır. Buna görə də beynəlxalq ictimaiyyət bu faciələrə selektiv yanaşmadan imtina etməli, mina terrorunu açıq şəkildə pisləməli, Ermənistanın humanitar öhdəliklərin yerinə yetirilməsi istiqamətində daha prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir”,- deyə Ü.Zülfiqar əlavə edib.





































































