Prezident İlham Əliyevin Almaniyaya səfəri xarici siyasətdə növbəti mühüm diplomatik uğurdur - ŞƏRH

Hit: 215
Prezident İlham Əliyevin Almaniyaya səfəri xarici siyasətdə növbəti mühüm diplomatik uğurdur - ŞƏRH
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir. Azərbaycan ilə Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması isə münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Strateji gündəliyin formalaşdırılması göstərir ki, Azərbaycan artıq Avropada etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, siyasi və iqtisadi dialoqda da söz sahibi olan ölkələrdən birinə çevrilib.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
 
Almaniya Avropa İttifaqının iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biri olduğunu deyən deputat bildirib ki, belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin real nəticəsidir. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
 
“İqtisadi sahədə əldə olunan razılaşmalar da diqqətəlayiqdir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələri daha da dərinləşdirəcək, yeni iş yerlərinin açılmasına və texnologiya transferinə əlavə imkanlar yaradacaq.
 
Enerji əməkdaşlığı da münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun daha bir təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının onlarla tərəfdaşına etibarlı enerji təminatı təqdim edir, yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.
 
Nəqliyyat və logistika sahəsində Azərbaycanın qazandığı üstünlüklər isə Almaniya ilə münasibətlərdə yeni imkanlar yaradır. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin müasir limanları, dəmir yolları və avtomobil magistralları Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və təhlükəsiz daşımaların əsas hissəsini təmin edir. Almaniyanın bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir”, - deyə o əlavə edib.
 
Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması məsələsi də xüsusi yer tutduğunu xatırladan F.Yıldırım bildirib ki, Azərbaycan hərbi-siyasi müstəvidə öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırmaq üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Regionun gələcəyi kommunikasiyaların açılmasından, iqtisadi inteqrasiyadan və qarşılıqlı etimadın möhkəmlənməsindən keçir. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət mövqeyini bir daha nümayiş etdirir.
 
“Almaniyanın Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, ölkəmiz Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirəcək. Bu, həm iqtisadi inkişafımıza, həm də regional sabitliyə mühüm töhfə verəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.






Redaktorun seçimi