Azərbaycan-Almaniya münasibətləri yeni imkanlar və perspektivlər vəd edir - ŞƏRH

Hit: 262
Azərbaycan-Almaniya münasibətləri yeni imkanlar və perspektivlər vəd edir - ŞƏRH
Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olmaqla, strateji tərəfdaşlığın yeni məzmunla zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri olması və təşkilatın siyasi və iqtisadi gündəliyinin formalaşmasına əhəmiyyətli təsir göstərməsi səfərin regional və beynəlxalq əhəmiyyətini daha da artırır. Bu baxımdan, Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişlənməsinə də mühüm töhfə verir.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
 
O, Azərbaycan və Almaniya arasında siyasi dialoqun son illərdə intensiv xarakter aldığını vurğulayıb. Deputat qeyd edib ki, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərin siyasi və institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Ümumilikdə, Azərbaycan-Almaniya münasibətləri son illər sabit inkişaf dinamikası nümayiş etdirib və xüsusilə iqtisadi əməkdaşlıq sahəsində mühüm nəticələr əldə olunub.
 
“Strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsindəki əməkdaşlıqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə fonunda Almaniya ilə enerji dialoqunun genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi, təbii qaz tədarükünün artırılması ilə yanaşı, bərpaolunan enerji və yaşıl enerji sahələrində yeni layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır. Avropanın enerji təhlükəsizliyi ilə bağlı çağırışların aktuallığını qoruduğu bir şəraitdə Azərbaycanın enerji resurslarının şaxələndirilməsi siyasətində oynadığı rol Almaniya üçün də strateji əhəmiyyət daşıyır. Eyni zamanda, birgə gündəlikdə yaşıl enerji, bərpaolunan resurslar və bu istiqamətdə prioritet layihələrin yer alması əməkdaşlığın yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmadığını göstərir.
 
İqtisadi münasibətlər də Azərbaycan-Almaniya tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Hazırda Azərbaycanda çoxsaylı Almaniya şirkətinin fəaliyyət göstərməsi iki ölkə arasında biznes əlaqələrinin geniş potensiala malik olduğunu nümayiş etdirir. Xüsusilə Almaniyanın sənaye və texnologiya sahəsində qabaqcıl şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesinə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona konsepsiyasının tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, müasir texnologiyaların və innovativ həllərin istifadəsi Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu ərazilərdə alman kapitalının və texnologiyalarının təmsil olunması həm də Almaniya tərəfindən Azərbaycana göstərilən iqtisadi marağın və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilə bilər”, - deyə deputat bildirib.
 
Azər Allahverənov qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın yeni mərhələyə keçidi baxımından mühüm hadisədir. Səfər Azərbaycanın Avropa İttifaqı məkanında strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin regional enerji və nəqliyyat xəritəsindəki əhəmiyyətini, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində beynəlxalq əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib. Azərbaycan-Almaniya münasibətlərinin bundan sonra da qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm iki ölkə, həm də daha geniş Avropa məkanı üçün yeni imkanlar və perspektivlər vəd edir.






Redaktorun seçimi