Prezident İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu dövlətlərdən birinə çevirib - ŞƏRH

Hit: 165
Prezident İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu dövlətlərdən birinə çevirib - ŞƏRH
Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ölkə vətəndaşları arasında keçirilən rəy sorğusunun nəticələri xalqımızın öz rəhbərinə, liderinə olan yüksək etimad və inamın bariz nümunəsidir.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
 
O bildirib ki, Prezident seçildiyi ilk gündən İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycan xalqının milli maraqlarının qorunmasına xidmət edib. Mübaliğəsiz demək olar ki, İlham Əliyev dünyada xalqa verdiyi bütün vədləri yerinə yetirən və bu gün də fəaliyyətini həmin istiqamətdə davam etdirən nadir dövlət başçılarından biridir. Prezidentimizin hər zaman əlçatan, sadə insanların arasında olması onun yüksək insani keyfiyyətlərinin göstəricisidir.
 
"Ulu Öndər Heydər Əliyevin siyasi kursuna və irsinə sadiq qalaraq onu inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu dövlətlərdən birinə çevirib. Ölkəmizin başçısının müdrik, qətiyyətli və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün qlobal səviyyədə söz sahibi olan ölkələr sırasındadır. Artıq Azərbaycan təkcə regionda deyil, dünyada gedən siyasi proseslərə təsir göstərən mühüm güc mərkəzlərindən birinə çevrilməkdədir.
 
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və müstəqil siyasətin nəticəsidir ki, dünyanın ən qüdrətli dövlətlərinin rəhbərləri onun böyük siyasi lider olduğunu dəfələrlə vurğulayıblar.
 
Dünyanın aparıcı maliyyə institutları və nüfuzlu iqtisadi ekspertləri qeyd edirlər ki, Azərbaycan özünü bütün əsas istiqamətlər üzrə təmin etmək imkanına malik olan azsaylı dövlətlərdən biridir",- deyə K.Əliyeva vurğulayıb.
 
Professor deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev təkcə regionun deyil, dünyanın ən güclü orduları sırasında yer alan bir ordu formalaşdırıb. Azərbaycan Ordusu son onilliklərdə dünya hərb tarixində analoqu az olan tarixi qələbəyə imza ataraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu.
 
"Prezident İlham Əliyev Azərbaycanı Avrasiya məkanının ən mühüm dövlətlərindən birinə çevirib. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış müasir nəqliyyat-logistika infrastrukturu sayəsində Şərqlə Qərb, Şimalla Cənub arasında səmərəli iqtisadi bağlantılar formalaşıb. Azərbaycan üzərindən keçən beynəlxalq yükdaşımaların həcmi ildən-ilə artır. Bu isə həm Azərbaycan iqtisadiyyatına, həm də Avrasiya məkanında yerləşən ölkələrin iqtisadi inkişafına mühüm töhfə verir.
 
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Ölkəmizin başçısının da vurğuladığı kimi, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində bir sıra Avropa dövlətləri enerji təhlükəsizliyini daha etibarlı şəkildə təmin edirlər.
 
Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, Prezident İlham Əliyevi isə nüfuzlu siyasətçi və lider kimi qiymətləndirirlər. Dünyada müşahidə olunan mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda sabitlik və əmin-amanlıq təmin olunub",- deyə K.Əliyeva əlavə edib.






Redaktorun seçimi