Vahid rəqəmsal ekosistem vətəndaş məmnunluğunu artıracaq - Azər Allahverənov
"Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi, şübhəsiz ki, Azərbaycanda Rəqəmsal İnkişaf Strategiyasından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində konkret siyasətin müəyyənləşdirilməsi baxımından olduqca mühüm hadisədir. Bu gün rəqəmsal inkişaf dövlətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. Şuranın fəaliyyəti də məhz bu sahədə özünü göstərən çağırışlara adekvat siyasi kursun həyata keçirilməsi, qarşıda duran vacib vəzifələrin müəyyənləşdirilməsi və aidiyyəti qurumların atmalı olduqları addımlara vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Bu baxımdan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şuranın işinə sədrlik edən şəxs kimi səsləndirdiyi fikirlər həqiqətən də müasir dövrün ən aktual mövzularından biri kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Hafta.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirib.
Millət vəkili vurğulayıb ki, ayrı-ayrı dövlət qurumlarının portal və mobil tətbiqlərinin vahid ekosistemə inteqrasiya olunması olduqca mütərəqqi addımdır:
“Çünki burada rəqəmsal müstəvidə yeni bir yanaşmanın tətbiq olunduğunu görürük. Bu yanaşma vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər. Biz hər zaman dövlət xidmətlərindən istifadə edən vətəndaşların məmnunluğunu ön plana çəkirik. Belə bir ekosistemin qurulması da bütövlükdə vətəndaş məmnunluğunun artmasına, nəticə etibarilə isə onların dövlət qurumlarına etimadının daha da möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan mən bunu olduqca mütərəqqi addım hesab edirəm. Burada bir məqamı da yaddan çıxarmamalıyıq. Bu gün ASAN Xidmət modeli sayəsində vətəndaşlar bir məkanda müxtəlif dövlət qurumlarının xidmətlərindən rahat şəkildə yararlana bilirlər. İndi isə söhbət bütün dövlət xidmətlərinin vahid platforma üzərindən inteqrasiya olunmuş şəkildə təqdim edilməsindən gedir. Bu, rəqəmsal transformasiya dövrünün tələblərinə tam cavab verən və olduqca vacib yanaşmadır.
Eyni zamanda süni intellekt bu proseslərin daha səmərəli idarə olunmasına ciddi töhfə verə bilər. Bunun nəticəsində vətəndaş məmnunluğu yüksələcək, dövlət qurumlarına etimad daha da güclənəcək, göstərilən xidmətlərin keyfiyyəti daha obyektiv qiymətləndiriləcək və xidmət sahəsində şəffaflıq təmin olunacaq.
Nəzərə almaq lazımdır ki, bu gün süni intellekt çox sürətlə bütün sahələrə transformasiya olunur. Demək olar ki, artıq onun tətbiq edilmədiyi sahə yoxdur. Bu baxımdan dövlət qurumlarının göstərdiyi xidmətlərin vahid mobil tətbiq üzərindən inteqrasiya olunmuş şəkildə təqdim edilməsi həm də həmin xidmətlər üzərində nəzarətin gücləndirilməsinə imkan verəcək. Bu, xidmət keyfiyyətinin ölçülməsi, müraciətlərə vaxtında baxılması, sonrakı mərhələlərdə zəruri addımların müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.
A.Allahverənov hesab edir ki, Rəqəmsal İnkişaf Strategiyasının əsas prinsiplərindən biri də məhz rəqəmsal transformasiya şəraitində, o cümlədən süni intellekt imkanlarından maksimum istifadə olunmasıdır:
“Nəzərə alsaq ki, süni intellektin yaratdığı imkanların hüdudları demək olar ki, yoxdur. Bu texnologiya bir çox istiqamətlər üzrə yeni nailiyyətlərin və mühüm dəyişikliklərin baş verməsinə şərait yaradır. Xüsusilə də nəzərə almalıyıq ki, süni intellekt çox sürətlə həyatımıza daxil olur və bəzən fərqinə varmadan onun formalaşdırdığı reallıq daxilində fəaliyyət göstəririk, bu prosesə uyğunlaşmaq artıq zərurətə çevrilib. Bu baxımdan hesab edirəm ki, elə bir ekosistem formalaşdırılmalıdır ki, o, insanların xidmətində olmaqla yanaşı, özünü daim təkmilləşdirə, xidmət keyfiyyətini daha da yüksəldə bilsin. Bu isə göstərilən xidmətlərin daha müasir və daha təkmil şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Nəticə etibarilə Azərbaycan dünyada gedən sürətli rəqəmsal inkişaf prosesinin ayrılmaz hissəsinə çevriləcək və bu, gündəlik həyatımızın daha dinamik, daha səmərəli və daha uğurlu təşkilinə mühüm töhfə verəcək".




































































