Rəqəmsal transformasiya milli inkişaf strategiyasının prioritetlərindən biridir - ŞƏRH

Hit: 284
Rəqəmsal transformasiya milli inkişaf strategiyasının prioritetlərindən biridir - ŞƏRH
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Hazırda isə ölkə inkişafın yeni mərhələsinə qədəm qoyaraq rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı dəyişikliklər həyata keçirir. Bu proses yalnız texnoloji yenilənmə deyil, eyni zamanda, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
 
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat deyib ki, bu ilin fevral ayında Prezidentin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal inkişaf istiqamətlərini müəyyən edən mühüm qərarlar qəbul edilib: “Həmin qərarlar əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqi dövlətin bu sahədə uzunmüddətli və sistemli yanaşmasının növbəti təzahürü olub. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, gələcəyin iqtisadi gücü yalnız təbii resurslarla deyil, bilik, innovasiya və texnologiyalarla müəyyən ediləcək”.
 
Mehriban Vəliyeva qeyd edib ki, təsdiq olunmuş Fəaliyyət Planı dövlət xidmətlərinin daha əlçatan və şəffaf olmasını, iqtisadiyyatın rəqəmsal sektorunun genişlənməsini, innovasiya ekosisteminin gücləndirilməsini və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Bu istiqamətdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də iyunun 29-da Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi olub. Bu iclas ölkənin rəqəmsal transformasiya siyasətinin yüksək səviyyədə koordinasiya olunduğunu bir daha nümayiş etdirib.
 
Müsahibimiz, həmçinin deyib ki, ölkədə həyata keçirilən rəqəmsallaşma siyasətinin mərkəzində vətəndaş məmnuniyyətinin artırılması dayanır. Ayrı-ayrı dövlət qurumlarının müxtəlif tətbiqlərindən istifadə etmək zərurətinin aradan qaldırılması, xidmətlərin vahid ekosistemə inteqrasiyası və proseslərin sadələşdirilməsi vətəndaşlarla dövlət arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə xidmət edir.
 
Deputat diqqətə çatdırıb ki, rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin tətbiqidir: “Yaşa görə pensiyanın vətəndaş müraciəti olmadan təyin edilməsi, uşağın anadan olmasına görə birdəfəlik müavinətin avtomatik hesablanması, sənədlərin etibarlılıq müddətinin başa çatması ilə bağlı xəbərdarlıqların göndərilməsi kimi yeniliklər dövlət xidmətlərinin insan rifahına yönələn xarakterini daha da gücləndirir”.
 
Azərbaycanın rəqəmsal inkişaf strategiyasında innovasiya ekosisteminin gücləndirilməsinin də xüsusi yer tutduğunu qeyd edən deputat deyib: “Hazırlanmış qanunvericilik paketi ölkənin texnologiya və innovasiya sahəsində regional liderə çevrilməsinə xidmət edir. Vençur kapitalı fondlarının fəaliyyətinin tənzimlənməsi, kraudfandinq mexanizmlərinin yaradılması, “mələk investorlar” institutunun formalaşdırılması, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqi və innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi Azərbaycanın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.
 
Bu islahatlar Prezidentin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi davamıdır. Məqsəd qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək, yüksək əlavə dəyər yaradan texnologiya əsaslı iqtisadiyyat formalaşdırmaq və ölkəni regional innovasiya mərkəzinə çevirməkdir. Süni intellekt sahəsində həyata keçirilən tədbirlər isə Azərbaycanın gələcəyin texnologiyalarına hazırlığını nümayiş etdirir”.
 
Deputat vurğulayıb ki, təhsil sahəsində həyata keçirilən rəqəmsal transformasiya da diqqətəlayiq nəticələr verir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri yeni nəslin müasir texnologiyalara yiyələnməsinə, innovativ düşüncə tərzinin formalaşmasına və insan kapitalının inkişafına mühüm töhfə verir.
 
“Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən fundamental islahatlar paketidir. Bu gün Azərbaycan yalnız regionun siyasi və iqtisadi liderlərindən biri deyil, eyni zamanda, Cənubi Qafqazın rəqəmsal və texnoloji mərkəzinə çevrilmək istiqamətində inamla irəliləyir”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.






Redaktorun seçimi