Azərbaycanın güclənməsi bəzi dairələri niyə narahat edir?

Hit: 154
Azərbaycanın güclənməsi bəzi dairələri niyə narahat edir?
Son illər Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əldə etdiyi uğurlar, regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar və müstəqil siyasəti ölkəmizə qarşı müxtəlif təzyiq və qarayaxma kampaniyalarının intensivləşməsinə səbəb olmuşdur. Xüsusilə xaricdə məskunlaşaraq özlərini “müxalifət” kimi təqdim edən bəzi radikal qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan dövlətinə, xalqına və onun qanuni təsisatlarına qarşı apardıqları fəaliyyətlər təsadüfi xarakter daşımır. Bu fəaliyyətlərin arxasında ölkəmizin milli maraqlarına zidd mövqe sərgiləyən dairələrin, o cümlədən uzun illər ərzində Azərbaycana qarşı sistemli təbliğat aparan erməni lobbisinin və ona bağlı maliyyə şəbəkələrinin maraqları açıq şəkildə müşahidə olunur.
 
Məlumdur ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın dəmir birliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli iradənin təntənəsi oldu. Ardınca həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi çıxış edir. Güclü iqtisadiyyat, müasir ordu, sabit siyasi sistem və müstəqil xarici siyasət ölkəmizin regional liderliyini daha da möhkəmləndirmişdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri ölkəmizin beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, regionun gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir.
 
Məhz bu uğurlar bəzi dairələri ciddi şəkildə narahat edir. Azərbaycanın güclənməsi, regionda söz sahibinə çevrilməsi və beynəlxalq nüfuzunun artması ölkəmizə qarşı informasiya hücumlarının da artmasına səbəb olur. Xaricdə oturaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi şəxslərin ritorikasında erməni təbliğatının tezislərinin təkrarlanması, onların ölkəmizin əldə etdiyi nailiyyətləri gözdən salmağa çalışması təsadüfi deyil. Belə fəaliyyətlər nə demokratik dəyərlərlə, nə də siyasi mübarizə prinsipləri ilə uzlaşır. Əksinə, bu yanaşma Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş məqsədli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan dövləti isə bütün bu təxribatlara baxmayaraq, inkişaf və əməkdaşlıq xəttinə sadiq qalır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda davamlı sülhün təmin olunması, dövlətlərarası münasibətlərin normallaşdırılması və uzunmüddətli əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgənin gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, düşmənçilikdə deyil, qarşılıqlı faydalı münasibətlərdədir. Bu siyasətin əsas məqsədlərindən biri də Cənubi Qafqazı beynəlxalq nəqliyyat, ticarət və logistika mərkəzlərindən birinə çevirməkdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, Zəngəzur dəhlizi perspektivləri, yeni infrastruktur layihələri və enerji təhlükəsizliyinə verilən töhfələr Azərbaycanın qlobal əhəmiyyətini daha da artırır. Bu layihələr təkcə ölkəmizin deyil, bütövlükdə regionun rifahına və təhlükəsizliyinə xidmət edir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək dövlətimizin milli maraqlarının qorunması, əldə olunmuş tarixi nailiyyətlərin möhkəmləndirilməsi və gələcək inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əzmlə irəliləyir. Xaricdən idarə olunan qarayaxma kampaniyaları, qərəzli məlumatlar və təxribat xarakterli çağırışlar bu reallığı dəyişdirə bilməz. Çünki Azərbaycanın gücü onun xalqının birliyində, dövlətinin müstəqil siyasətində, qəhrəman Ordusunun qüdrətində və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən liderliyindədir. Məhz bu amillər ölkəmizin uğurlarının əsas təminatıdır və Azərbaycanı regionun aparıcı siyasi, iqtisadi və strateji güc mərkəzi kimi daha da möhkəmləndirir.
 
 
Mehriban Vəliyeva
Milli Məclisin deputatı






Redaktorun seçimi