Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH
Prezident İlham Əliyevin Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransının iştirakçılarına müraciəti bir sıra maraqlı məqamlarla yadda qaldı. Məlumdur ki, Azərbaycan son illərdə beynəlxalq və regional konfranslara, eləcə də nüfuzlu tədbirlərə uğurla ev sahibliyi edir. Burada əsas məsələ ondan ibarətdir ki, əgər bir ölkə regional liderliyə iddialıdırsa və doğrudan da regional proseslərin aparıcı qüvvəsidirsə, o zaman ayrı-ayrı dövlətlərin, vətəndaş cəmiyyətlərinin, siyasi partiyaların, dövlət qurumlarının və ekspert dairələrinin inteqrasiyası, onlar arasında dialoq və əməkdaşlıq platformalarının yaradılması mühüm əhəmiyyət daşıyır. Məhz Şuşada keçirilən tədbir də bu məqsədə xidmət edirdi. Konfrans çərçivəsində Cənubi Qafqazda və ətraf regionlarda baş verən proseslər fonunda təhlükəsizliyin gələcəyi, sabitliyin təmin olunması yolları və rəsmi Bakının bu proseslərdəki rolu müzakirə edildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
O deyib: “Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində artıq bir neçə ildir ki, prinsipial siyasət həyata keçirir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror tədbirlərindən sonra qalib dövlət kimi Azərbaycan liderlik missiyasını üzərinə götürərək həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlar üçün yeni əməkdaşlıq formatları və təşəbbüslər irəli sürüb. Bu siyasətin əsas məqsədi regionda sabitliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması və inkişafın sürətləndirilməsidir. İstər yaşıl enerji, istər neft-qaz sektoru, istərsə də ticarət və nəqliyyat sahələrində həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Bu təşəbbüslər regionun təhlükəsizliyinin və uzunmüddətli iqtisadi tərəfdaşlığın əsas təminatlarından biri kimi çıxış edir. Məqsəd iqtisadi və nəqliyyat layihələri vasitəsilə siyasi ziddiyyətləri azaltmaq, maraqların toqquşmasına deyil, uzlaşmasına nail olmaqdır”.
Politoloq Avrasiyanın strateji xəttində yerləşən Türk dünyasının getdikcə mühüm regional güc mərkəzinə çevrildiyini qeyd edib: “Burada Azərbaycanın xüsusi rolu var. Bakı Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir, eyni zamanda, suverenlik və müstəqillik prinsiplərinə əsaslanan nümunəvi siyasəti ilə region dövlətləri üçün mühüm örnək rolunu oynayır. Bu gün Türk dünyası ölkələri qlobal arenada müstəqil və nüfuzlu güc mərkəzlərindən birinə çevrilməkdədir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni-humanitar sahədə deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində mühüm beynəlxalq aktor kimi çıxış edir. Bütün bunlar, ilk növbədə, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra yaranmış yeni reallıqlarla bağlıdır. Hazırda iki ölkə arasında sülh danışıqları davam edir və regionda sülh quruculuğu prosesinin şahidi oluruq. Bu prosesin uğurla nəticələnməsi üçün Azərbaycanın irəli sürdüyü təkliflərin və əldə olunmuş razılaşmaların tam şəkildə icrası vacibdir. Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi sülh prosesinin səmimiliyinin və dayanıqlılığının əsas göstəricilərindən biri olacaq. Son bir il ərzində Azərbaycan və Ermənistan arasında mühüm irəliləyişlər əldə olunub, müxtəlif məsələlər üzrə qarşılıqlı anlaşmalar müşahidə edilib. Ermənistanda keçirilmiş daxili siyasi proseslərin də artıq arxada qalmasını nəzərə alsaq, rəsmi İrəvanın qarşısında duran əsas vəzifə razılaşdırılmış yol xəritəsi üzrə addımların davamlı şəkildə həyata keçirilməsidir”.
Z.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransının iştirakçılarına müraciətdən bir daha aydın oldu ki, Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib. Ölkəmiz regionda sülhə və əməkdaşlığa töhfə verən əsas dövlətlərdən biri kimi çıxış edir. Bu baxımdan da bölgədə sabitliyin möhkəmlənməsi, təhlükəsizliyin inkişafı və ümumi rifahın təmin olunması istiqamətində rəsmi Bakının mövqeyi ardıcıl və prinsipialdır. Azərbaycan bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcək.









































































