Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Hit: 159
Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib
İyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mövzunun aktuallığını vurğulayıb. O, kitabxana işinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə geniş ictimai müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb, tədbir iştirakçılarını fikir və təkliflərini fəal şəkildə bölüşməyə çağırıb.
 
Komitə sədri bildirib ki, XXI əsrin tələbləri fonunda informasiya resursları, texnoloji imkanlar və xidmət modelləri əhəmiyyətli dərəcədə dəyişib, yeni imkanlar yaranıb. Bununla belə, kitabxanalar cəmiyyətin maariflənməsində, biliklərin qorunub saxlanılmasında və yayılmasında mühüm rol oynamaqda davam edir, öz aktuallığını və əhəmiyyətini qoruyub saxlayır.
 
Kitabxana sahəsində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edən  Polad Bülbüloğlu deyib ki, kitabxana sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.
 
Komitə sədri kitabxana xidmətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsi, onların əlçatanlığının, səmərəliliyinin və keyfiyyətinin artırılması,  bu sahədə fəaliyyət göstərən kadr potensialının gücləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
 
Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi ilə Milli Məclis arasında təşkil olunan növbəti belə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dialoq və fikir mübadiləsi əsasında qurulan bu cür platformalar mövcud problemlərin müəyyənləşdirilməsi, onların həlli yollarının birgə müzakirə olunması, eləcə də həyata keçirilən işlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir ictimai müzakirələrin dövlət qurumları, mütəxəssislər və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinə, daha əsaslandırılmış qərarların qəbuluna və sahənin inkişafına töhfə verdiyini bildirib. O, ictimai müzakirənin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
 
Çıxışında dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən birinin mədəniyyət sahəsində, o cümlədən kitabxana sistemində fəaliyyətin təkmilləşdirilməsi olduğunu diqqətə çatdıran nazir bildirib ki, məqsəd kitabxanaların fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, onların idarəetmə və xidmət modelini daha səmərəli, dayanıqlı və keyfiyyətyönümlü əsaslar üzərində qurmaqdır.
 
Adil Kərimli qeyd edib ki, kitabxana sistemi milli bilik mənbələrinin formalaşdığı və qorunduğu mühüm təsisat olduğundan burada aparılacaq islahatlar ciddi araşdırma və əsaslandırılmış yanaşma tələb edir. Nazir Mədəniyyət Nazirliyi sistemindəki kitabxanaların mövcud vəziyyətindən söz açaraq, bu sahədə aparılan monitorinqlərin və təhlillərin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, kitabxanaların kompleks qiymətləndirilməsi nəticəsində toplanmış geniş məlumat bazası əsasında sahənin mövcud vəziyyəti hərtərəfli təhlil olunub. Nazir deyib ki, aparılan təhlillər əsasında kitabxana sisteminin gələcək inkişafı ilə bağlı konseptual yanaşma formalaşdırılıb.
 
Formalaşdırılmış konseptual yanaşma kitabxana sisteminin yenilənməsini, beynəlxalq təcrübə və standartlara uyğun müasir kitabxana modelinin tətbiqini, rəqəmsal xidmətlərin genişləndirilməsini və vətəndaşların kitabxana  resurslarına çıxış imkanlarının artırılmasını nəzərdə tutur.
 
Nazir bildirib ki, kitabxanalar dövlət üçün prioritet mədəniyyət təsisatlarından biridir və cəmiyyətin bilik və informasiya mədəniyyətinin formalaşmasında əvəzsiz rol oynayır. O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən kitabxana sahəsinin inkişafı üzrə beynəlxalq təcrübə və müasir standartlar nəzərə alınmaqla yeni fəaliyyət modeli hazırlanıb. Bu modelin əsas məqsədi kitabxana xidmətlərinin əlçatanlığını artırmaq və əhalinin daha geniş təbəqələrinin informasiya resurslarından istifadəsinə şərait yaratmaqdır. Adil Kərimli vurğulayıb ki, qarşıya qoyulan əsas hədəflərdən biri ölkə üzrə kitabxana xidmətləri ilə əhatə olunmanı  95 faizə çatdırmaqdır.
 
Sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sahəsində nəzərdə tutulan islahatlara dair slaydlarla müşayiət olunan təqdimatla çıxış edib.
 
O, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış kitabxana sisteminin optimallaşdırılması və müasir standartlara uyğunlaşdırılması proqramının əsas istiqamətləri, tətbiq edilən beynəlxalq təcrübə və müasir idarəetmə yanaşmaları barədə məlumat verib.
 
Nazir müavini yeni modelin prioritetlərini təqdim edərək bildirib ki, islahatlar çərçivəsində kitabxana xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, kadr potensialının gücləndirilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, kitab fondlarının yenilənməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi əsas hədəflər sırasındadır.
 
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. 
 
Çıxışlarda kitabxanalardan istifadənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, müasir oxu zallarının yaradılması və bu sahədə rəqəmsal xidmətlərin genişləndirilməsi  istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, kitabxana infrastrukturunun inkişaf etdirilməsi oxucuların kitabxanaların informasiya resurslarına daha rahat çıxış əldə etməsinə şərait yaradır.
 
Bununla yanaşı, çıxışlarda xarici dillərdə nəşr olunan elmi və bədii ədəbiyyatın Azərbaycan dilinə tərcüməsinin genişləndirilməsinin, kitabxanaların elektron informasiya bazalarının zənginləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, zəngin və əlçatan kitabxana-informasiya resursları ölkənin elmi potensialının gücləndirilməsinə, təhsil səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.
 
Erkən yaşlardan oxu vərdişlərinin formalaşdırılmasının, uşaqlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinin gələcəkdə intellektual və savadlı nəslin yetişməsinə xidmət etdiyi bildirilib.
 
Çıxışlarda kitabxana fəaliyyətinin rəqəmsallaşdırılmasının, elektron kataloqların və elektron kitab fondlarının genişləndirilməsinin, kitabxanaların vahid elektron sistem üzərindən inteqrasiyasının əhəmiyyətindən də bəhs olunub. Vurğulanıb ki, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi kitabxana xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, oxucuların istənilən vaxt və məkandan informasiya resurslarına çıxış imkanlarını da genişləndirir. 
 
Eyni zamanda, vurğulanıb ki, müasir dövrdə kitabxanaların fəaliyyəti ənənəvi xidmətlərlə məhdudlaşmamalı, rəqəmsal transformasiya proseslərinə uyğun şəkildə inkişaf etdirilməlidir. Bu baxımdan süni intellekt texnologiyalarının və internet resurslarının imkanlarından geniş istifadə olunması xüsusi əhəmiyyət kəsb edir.
 
Mövzu ətrafında aparılan müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Elnarə Akimova, Novruzəli Aslanov, Hikmət Məmmədov, Şahin Seyidzadə, Tənzilə Rüstəmxanlı, Əlibala Məhərrəmzadə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və Azərbaycan Respublikası Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxış edərək öz fikirlərini və təkliflərini səsləndiriblər.
 
Müzakirələr zamanı mədəniyyət naziri Adil Kərimli səsləndirilən fikirlərə münasibət bildirib və suallara cavab verib.
 
Tədbirdə Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Mədəniyyət komitəsinin üzvləri Aqil Abbasov, Ülviyyə Həmzəyeva, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, Milli Məclis Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.






Redaktorun seçimi