Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətləri daha da möhkəmlənir - ŞƏRH

“Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimad üzərində qurulan diplomatik münasibətlər uğurla inkişaf edir. Hər iki xalqın ortaq tarixi, dini, mədəni və dil birliyi münasibətlərimizin təməlini təşkil edir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Deputat deyib: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev ikitərəfli əlaqələri qardaşlıq münasibətləri kimi dəyərləndirir və strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsinin əhəmiyyətini qeyd edirlər. 2024-cü il avqustun 23-də Daşkənddə iki ölkə liderinin imzaladığı müttəfiqlik haqqında müqavilə məhz bu istiqamətdə aparılan məqsədyönlü siyasətin tərkib hissəsidir. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində liderlərin mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər dövlətlərarası əməkdaşlığımızın inkişaf perspektivləri haqqında hər kəsdə aydın fikir formalaşdırır. Dövlət rəhbərimizin də qeyd etdiyi kimi "Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk". Rəsmi Bakı və Daşkəndin iqtisadiyyat, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm, təhsil, hərbi və mədəniyyət kimi sahələrdə əməkdaşlığı genişləndirməkdədir. Tərəflər xüsusilə enerji sektoru və nəqliyyat dəhlizləri kontekstində strateji tərəfdaşlıq quraraq regionun gələcəyinə mühüm töhfələr verməkdədirlər”,- deyə G. Ağamalı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında keçmiş Qarabağ münaqişəsi zamanı Özbəkistan hər zaman ölkəmizin haqlı mövqeyini müdafiə edib, ölkə başçısının da vurğuladığı kimi işğaldan sonra “Böyük Qayıdış” Proqramı çərçivəsində bölgənin bərpasına dəstək göstərən ilk dövlət olub.
İkitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı üzvləri olaraq qurumun yeni bir güc mərkəzi kimi formalaşdırmasında da fəal iştirak edirlər. Türk dünyası arasında siyasi, iqtisadi və mədəni inteqrasiyasını artırmaq məqsədilə hər iki ölkə lideri tərəfindən ardıcıl işlər görülməkdədir.
Nəticə etibarilə Azərbaycan və Özbəkistan arasında mövcud olan sarsılmaz və qardaşlıq münasibətləri həm ikitərəfli formatda, həmdə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənir. Bu əlaqələr bütövlükdə Türk dünyasının birliyi və gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.


