KOB-lar rəsmi COP prosesi ilə yerli icra arasında əlaqələndirici halqadır - Nigar Arpadarai

Hit: 281
KOB-lar rəsmi COP prosesi ilə yerli icra arasında əlaqələndirici halqadır - Nigar Arpadarai
“İqlim üzrə Yüksək Səviyyəli Çempionun rolu hökumətləri təmsil etməyən istənilən təşkilat və ya fərd (qeyri-dövlət iştirakçıları) üçün COP-da iştirakı asanlaşdırmaqdır. Bu rol Paris Sazişi ratifikasiya olunduqdan bir il sonra, 2016-cı ildən mövcuddur.
 
Ötən il Bakı 1000 icraçı direktoru COP29-un Mavi Zonasına gətirməkdə əsas rol oynadı. Orada onlardan öz bizneslərinin iqlim ambisiyalarını artırmaları tələb olundu”.
 
Bu barədə COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “Edie”yə eksklüziv açıqlamasında deyib.
 
“İlk illərdə BMT-nin iqlim COP-larında (konfranslarında) yalnız milli hökumətləri təmsil edən rəsmi danışıq aparan şəxslərin iştirakına icazə verilirdi. Son illərdə nümayəndələrin sayı ciddi şəkildə artıb - QHT-lər, vətəndaş cəmiyyəti qrupları, elm adamları və bizneslər rəsmi nəticələrin formalaşmasına birbaşa təsir göstərə bilməsələr də, prosesə təsir üçün cəhd edirlər. Bu imtiyaz yalnız rəsmi danışıqlar aparan şəxslərə məxsusdur.
 
Ötən il Bakıda reallaşan COP29 üçün 55 mindən çox insan qeydiyyatdan keçmişdi.
 
Ev sahibi ölkələr ardıcıl COP zamanı öz aparıcı biznesləri ilə xarici investorlar arasında yeni kommersiya razılaşmalarının əldə olunmasına çalışıb. Paradoksal olaraq, bu razılaşmaların mövzusu mütəmadi yüksək karbonlu mallar və xidmətlər - kömür, neft və qaz olub.
 
Amma biznes sektorunun rolu getdikcə daha mərkəzi mövqeyə keçir, çünki ev sahibi prezidentlik komandaları sammit mövzusunun xaricində irəliləyişə dəstək verəcək maliyyə və infrastrukturun açılmasına çalışır.
 
Mən bilirəm ki, COP-da özəl sektora qarşı çoxsaylı tənqidlər var. Amma biz yaşıl iqtisadiyyatdan, yaşıl keçiddən danışırıqsa özəl sektor olmadan məqsədə necə çatacaqsınız?”, - deyə Nigar Arpadarai bildirib.
 
Yüksək Səviyyəli Çempion deyir: “Bütün çempionlar fərqli sahələrdən gəlib və məncə, bu, ümumi layihəyə töhfə verir. Den Yoşpe KOB-lar layihəsini tam dəstəkləyir.”
 
COP30 komandasının nümayəndələri vurğulayıblar ki, Braziliyada bizneslərin 95 faizdən çoxu KOB-dur (kiçik və orta biznes) və onlar birgə olaraq məşğulluğun 70 faizdən çoxunu təmin edirlər.
 
Bu səbəbdən N.Arpadarai hesab edir ki, KOB-lar rəsmi COP prosesi ilə yerli icra arasında əlaqələndirici halqadır. Eyni zamanda, aşağı karbonlu və iqlimə davamlı iqtisadiyyata keçidin ədalətsiz və cazibəsiz görünməməsində mühüm rol oynayırlar - çünki bu keçid yuxarıdan aşağıya, tez-tez başa düşülməyən səbəblərlə tətbiq olunur.
 
Bu həftə “Heart of the City”nin KOB İqlim Fəaliyyəti Mübadiləsində çıxış edən N.Arpadarai COP29 və COP30 komandalarının birgə atmalı olduğu üç prioritet addımı açıqlayıb: 30 000 KOB-a praktik alətlər və dəstək təmin etmək;
 
150 iri şirkətin öz dəyər zəncirlərinə KOB-ları əhəmiyyətli şəkildə cəlb etməsini təmin etmək, emissiyaları ölçmək, açıqlamaq və azaltmaqda dəstək olmaq; KOB-lar üçün hədəflənmiş maliyyə dəstəyi açmaq üçün çoxtərəfli inkişaf banklarını cəlb etmək.
 
Çoxtərəfli inkişaf bankları prioritet kimi cəlb olunur, çünki onlar artıq milli hökumətlər tərəfindən öhdəlik kimi götürülmüş iqlim maliyyəsinin səfərbər edilməsində rol oynayırlar. Zəngin ölkələr 2035-ci ilə qədər illik öhdəliklərini hazırkı 100 milyard dollardan 300 milyard dollara qədər artırmağı kollektiv şəkildə vəd edib.
 
Resurslar mövcuddur və vaxt o qədər dəyərlidir ki, “təkəri yenidən icad etməyə sərf olunmamalıdır” - xüsusilə də COP30-a dörd aydan az vaxt qaldığı halda”, - deyə Nigar Arpadarai vurğulayıb.








Redaktorun seçimi