Azərbaycan Ordusu regiona sülh və sabitlik gətirib - ŞƏRH

Dünyada az sayda xalqların və millətlərin dövləti olduğu kimi, bu gün çox az sayda xalqın da fəxr edəcək ordusu var. Bu ordulardan biri, şübhəsiz ki, birincisi Azərbaycanın Silahlı Qüvvələridir. Azərbaycan Ordusu hər bir vətəndaşın qürur mənbəyi kimi təkcə bizə Qələbə və Zəfər yaşatmadı, eyni zamanda, dünyada ən nümunəvi, intizamlı və humanist prinsiplərə əsaslanan ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən Ordumuzun inkişafı istiqamətində aparılan siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirib. Silahlı Qüvvələrimizin gücləndirilməsi, kadr potensialının artırılması ilə yanaşı, Ordumuzun müasirləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Qısa müddət ərzində müasir standartlara uyğun hərbi sənaye kompleksi qurulub, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz edilib. Silahlı Qüvvələr Azərbaycanın ən elit sahəsinə çevrilib, dövlət büdcəsindən ən çox vəsait məhz ordu quruculuğuna ayrılıb. Hərbi qulluqçularımızın sosial-məişət problemlərinin həlli də dövlətimizin qarşısında duran ən ümdə vəzifələrdən birinə çevrilib
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.
O bildirib ki, Azərbaycan Ordusunun bugünkü uğurlarının əsasında məhz düzgün qurulan siyasət dayanır: "Ordumuzun Qarabağda 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə, Aprel döyüşləri, Fərrux əməliyyatı, 2023-cü ilin sentyabrında Şərqi Zəngəzur və Qarabağda keçirilən antiterror əməliyyatı Ordumuzun yüksək peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Şanlı Ordumuzun Hadrud ətrafında apardığı hərbi əməliyyat unikal əməliyyatlardan sayıla bilər, Şuşa əməliyyatı isə ayrıca bir qəhrəmanlıq salnaməsidir.
Təsadüfi deyil ki, qısa müddət ərzində Azərbaycan Ordusunun müasir texnoloji üsullarla bu qədər hərbi uğurlara imza atması dünyanın ən aparıcı hərbi-siyasi mərkəzləri tərəfindən çox diqqətlə öyrənilir, hərbi sənayemizə maraq getdikcə artır. Məhz İkinci Qarabağ müharibəsi zamanı geniş tətbiq olunan dron texnologiyasından digər ölkələr hazırda geniş istifadə etməyə başlayıb".
Vüqar Əhmədov vurğulayıb ki, müzəffər Ordumuzun Qarabağda qazandığı parlaq Qələbə ilə qarşı tərəfdə minlərlə fərari yaranıb. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələri düşməndən fərqli olaraq, əməliyyatları müasir texnoloji üsullarla və zərgər dəqiqliyi ilə humanist prinsiplər əsasında həyata keçirib, mülki şəxs və obyektlər hədəfə alınmayıb: "Son illər dünyanın cəngəllik qanunları ilə idarə olunması, beynəlxalq hüququn ayaqlar altına atılması, ölkələrin ərazi bütövlüyünə kobud müdaxilələr bir daha müasir ordunun nə qədər əhəmiyyətli olmasını gündəmə gətirir. Azərbaycan dövləti təhlükəsizliyin və sabitliyin qarşıda duran ən vacib vəzifə olduğunu müəyyən edib. Ölkəmiz beynəlxalq münasibətlər sistemində layiqli yer tutub. “Güclü ordu və güclü dövlət” modeli həm də regional təhlükəsizliyin təmin olunmasında və dünyanın böyük dövlətlərinin regionda maraqlarımızla hesablaşmasına gətirib çıxarıb. Güclü iqtisadiyyat, milli həmrəylik, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması “Güclü Azərbaycan modeli”nin formalaşmasını şərtləndirib. Güclü Ordumuzun sayəsində bölgəmizə sülh və sabitlik gəlib, regional təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur, Azərbaycan bölgənin ən güclü dövlətlərindən birinə çevrilib. Regionumuzda baş verən son hadisələr bir daha təsdiq edir ki, biz bundan sonra da Ordumuzun gücləndirilməsi, müasirləşdirilməsi və hərbi sənaye kompleksimizin inkişafına xüsusi diqqət ayırmalı, kənar müdaxilə və təhdidlərdən qorunmaq üçün hərbi sənaye kompleksimizi qabaqcıl texnologiyalar əsasında formalaşdırmalıyıq", - deyə Vüqar Əhmədov vurğulayıb.


