Ərazi bütövlüyünü tam təmin edən Azərbaycan Cümhuriyyətin tamhüquqlu varisi olduğunu sübuta yetirib - ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 107 il öncə Azərbaycan xalqı çoxəsrlik tarixində dəfələrlə olduğu kimi azadlıq, müstəqillik uğrunda mübarizəyə başlamış və nəticədə 1918-ci il mayın 28-də xalqımız özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmağa nail olub. XX əsrin əvvəllərində dünyada yeni nizamın formalaşdığı tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi varlığını təsbit edib. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası 107 il bundan əvvəl İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb.
“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Cümhuriyyət xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi”, - deyə T.Cəfərova vurğulayıb.
XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmadığına görə xalqımızın böyük faciələrlə üzləşdiyini qeyd edən deputat deyib: “Xüsusilə vurğulamalıyıq ki, həm Şərqi Zəngəzur, həm Qarabağ bu illərdə işğala məruz qaldı. Ovaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ulu Öndərin dediyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması bundan da çətindir”
Əsl müstəqilliyin dövlətin müstəqil siyasət apara bilməsi olduğunu vurğulayan T.Cəfərova bildirib ki, Azərbaycan əsl müstəqilliyini məhz 1993-cü ildə - Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə gəldikdən sonra qazanıb. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi və memarı, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın banisi və memarıdır. Hər iki lider adlarını müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıblar. Bu gün Azərbaycan dünyada analoqu olmayan dinamik inkişaf nümayiş etdirir. Ölkədə bütün istiqamətlərdə davamlı və ardıcıl işlər görülür. Bunu xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında görə bilərik. Bütün dünya Azərbaycanın Qarabağda gördüyü quruculuq və bərpa işlərini heyranlıqla izləyir. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilər 4 Lüksemburq və 1 Livanın ərazisinə bərabərdir, onda görülən işlərin həcmi daha da heyranlıq oyadır”, - deyə T.Cəfərova vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının işğaldan azad olunmuş ərazilərimizdə dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
“Ərazi bütövlüyünü, suverenliyini tam təmin edən bugünkü Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu yetərincə sübut edir”, - deyən Tamam Cəfərova sözlərini yekunlaşdırıb.


