Prezidentin Ağdamda səsləndirdiyi bəyanat geosiyasi və hüquqi məna kəsb edir - ŞƏRH

Hit: 151
Prezidentin Ağdamda səsləndirdiyi bəyanat geosiyasi və hüquqi məna kəsb edir - ŞƏRH
Qırx dörd günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri Azərbaycan xalqının iradəsini, gücünü və birliyini nümayiş etdirdi. Müharibə dövründə Azərbaycan bir addım da geri atmadı, Ermənistan isə bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
 
O bildirib ki, şanlı Azərbaycan Ordusu müharibədə erməni ordusunu darmadağın edib. Bu fakt Hərbi Qənimətlər Parkında da özünün real mənzərəsini göstərir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Beynəlxalq təşkilatlar və dövlətlər işğalçı Ermənistana təzyiq göstərmədiyi üçün Azərbaycan öz gücünə problemi həll etdi. Xüsusilə Qələbənin əldə olunmasında xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən amillər sırasındadır.
 
Deputat qeyd edib ki, 30 il ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da, iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən erməni ordusunun darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Mayın 11-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi tarixi bəyanatla Azərbaycanın 30 ildən artıq davam edən mübarizəsinin yekun qiymətini verdi. Dövlətimizin başçısı bəyan etdi: “Azərbaycan mütləq və tam qələbə qazandı”. Bu ifadə təkcə emosional deyil, həm də geosiyasi və hüquqi məna daşıyan bəyanatdır. Müasir tarixdə çox az sayda müharibə belə nəticə ilə bitib. Azərbaycanın Qarabağda əldə etdiyi Zəfər bu baxımdan istisnadır. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra dünyada baş verən silahlı münaqişələrin əksəriyyəti ya atəşkəslə, ya da qeyri-müəyyən razılaşmalarla başa çatıb. Bütün bunların fonunda Azərbaycanın müharibəni öz siyasi və hüquqi şərtləri ilə başa vurması dünyada nadir hadisədir. Azərbaycanın Vətən müharibəsində hərbi uğuru dünyada böyük əks-səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Bu səbəbdən dünyanın bir sıra inkişaf etmiş ölkələri də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməyə başladılar.
 
“Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfər, o cümlədən birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da bütün respublika ərazisində Konstitusiya quruluşu bərqərar edildi. Bu faktlar yalnız hərbi deyil, həm də hüquqi və mənəvi Qələbədir. Artıq dünya ictimaiyyəti Azərbaycanın bu uğurunu rəsmən tanımağa başlayıb. Eyni zamanda, dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə həbs olunaraq ədalət mühakiməsinə çıxarılıb. Separatçıların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, etnik təmizləmə və müharibə cinayətləri ilə bağlı istintaq aparılması ədalətin bərpası baxımından mühüm addımdır. Bu proses Nürnberq tribunalını xatırladır. Çünki həmin məhkəmədə də müharibə cinayətləri törədənlər yalnız hərbi yox, hüquqi yollarla cəzalandırıldı. İkinci Dünya müharibəsində qanlı cinayətlər törətmiş faşistlərin layiq olduqları cəzaları alması dünya ictimaiyyəti tərəfindən dəstəkləndi. Azərbaycan da analoji şəkildə qanunun aliliyini təmin edir”, - deyə Sevinc Fətəliyeva əlavə edib.
 
Deputat onu da qeyd edib ki, müharibə başa çatdıqdan sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə dövlətimiz Ermənistana sülh sazişinin imzalanmasını təklif etdi. Yəni, müharibənin nəticələri artıq siyasi-hüquqi müstəvidə təsbit olunur. 2022-ci ilin oktyabrında Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanımağa məcbur oldu. Eləcə də, sərhədlərin delimitasiyası çərçivəsində ötən il Qazax rayonunun 4 kəndi qan tökülmədən Azərbaycana qaytarıldı. Həmçinin dövlət sərhədinin 12 kilometrlik hissəsi tam müəyyənləşdirilib. Beləliklə, sülh sazişi üzərində danışıqlar da real mərhələyə keçmiş oldu və bu ilin martında tərəflər sazişin mətni üzərində tam razılığa gəliblər. Sülh sazişini imzalamaq üçün sadəcə, Ermənistan Azərbaycanın məlum şərtlərini yerinə yetirməlidir. Bunlar Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik və hüquqi səviyyədə qalib çıxmasının sübutudur.
 
Beləliklə, Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda yeni reallıqların müəllifidir. Bu mənada Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi “Biz mütləq və tam qələbə qazandıq” bəyanatı yeni bir dövrün əsasını qoyur. Bu, yalnız ölkə daxilində deyil, bütün bölgə üçün yeni geosiyasi reallığın təməlidir. Bir sözlə, Azərbaycanın tarixi Zəfəri gələcək nəsillər üçün möhtəşəm bir ərməğandır. Çünki şanlı Zəfərimiz son 200 illik tariximizin ən mühüm hadisəsidir.








Redaktorun seçimi