İran Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır - ŞƏRH

Hit: 301
İran Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır - ŞƏRH
İran Prezidentinin Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməsi Tehranın Bakı ilə münasibətləri uzunmüddətli perspektivdə normallaşdırmaqda maraqlı olduğunu təsdiqləyir. Nəzərə alsaq ki, ötən illər ərzində iki ölkə arasında müxtəlif dövrlərdə gərginliklər yaşanıb, bununla belə, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olmasının təzahürü kimi qiymətləndirilə bilər. Prezidentlər səviyyəsində imzalanan sənədlər, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərdi. Azərbaycan Prezidentinin də söylədiyi kimi, "məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələri yüksək səviyyəyə qaldırmaqdır".
 
Dövlət başçıları, həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi Şimal-Cənub nəqliyyat dəhlizini geniş müzakirə etdilər. Səfərdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Dövlət başçımız bəyan etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib.
 
Bakıda keçirilən biznes forum isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Dövlət başçılarının bəyanatından aydın oldu ki, hazırkı göstəricilər qənaətbəxş deyil, artan dinamikaya ehtiyac var. İrandan gələn 120 nəfərdən ibarət iş adamının Bakıda apardığı məsləhətləşmələrin yaxın gələcəkdə real nəticələr verəcəyinə ümidlər çoxdur. Dövlət başçımız, hətta iranlı iş adamlarını Ermənistanın işğalından azad olunmuş ərazilərimizə fəaliyyət göstərməyə dəvət etdi. İran Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağı Azərbaycanın əsas tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Bu səfərdə diqqətçəkən məqamlardan biri də Məsud Pezeşkianın Azərbaycan dilində şeir səsləndirməsi oldu.
 
Bu gün 12 ölkə ilə sərhədi olan İranın ən etibarlı quru sərhədi Azərbaycanladır. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin Xudafərinə səfər etməsi və bu körpünü "Dostluq körpüsü" adlandırması Azərbaycanın qonşu İrana əsl dost münasibətinin real göstəricisi idi. Rəsmi Bakının münasibəti hər zaman xoşməramlı olub.
 
Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya və Gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik.
 
Nigar MƏMMƏDOVA,
 
Milli Məclisin deputatı.

 









Redaktorun seçimi