Prezident İlham Əliyevin Çinə dövlət səfəri dost ölkələrimiz arasında əməkdaşlığı yeni mərhələyə yüksəltdi - ŞƏRH

Azərbaycan çoxşaxəli xarici siyasət kursu, fəal diplomatiyası, müxtəlif platformalarda aparılan siyasi dialoqlar, reallaşdırılan qlobal layihələr ilə beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirib, etibarlı tərəfdaş kimi böyük hörmət qazanıb. Elə bu səbəbdəndir ki, beynəlxalq ictimaiyyət, media resursları Azərbaycana, onun mövqeyinə böyük maraq göstərir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən həftə Çin Xalq Respublikasına dövlət səfəri beynəlxalq medianın diqqət mərkəzində oldu. Səfərdən öncə Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə, səfər çərçivəsində isə CGTN telekanalına müsahibəsi də bu diqqətin təzahürüdür. Eyni zamanda, dövlətimizin başçısının səfəri dünyanın müxtəlif ölkələrinin media resurslarında da geniş işıqlandırılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
“Azərbaycan Prezidentinin Çinə dövlət səfəri olduqca məhsuldar və səmərəli oldu. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın, 20-dən çox sənədin imzalanması iki dost ölkə arasında əlaqələrin dinamik inkişafına töhfə verəcək. Dövlətimizin başçısı CGTN telekanalına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşərək qonaqpərvərliyin, dostluğun, eləcə də müzakirələrin mahiyyətinin çox həvəsləndirici olduğunu, iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırıldığını bildirib”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Deputat qeyd edib ki, Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində daim bir-birinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü dəstəkləyib, həmrəylik nümayiş etdirib. Azərbaycan “Vahid Çin” siyasətini dəstəklədiyini, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə səfərinin iki ölkə münasibətlərində böyük önəm daşıdığını bildirən Milli Məclisin deputatı deyib ki, həmin səfər zamanı Azərbaycan-Çin əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığın inkişafına dair aparılmış çox səmərəli müzakirələr, əldə olunmuş nəticələr hərtərəfli strateji tərəfdaşlığın qurulmasında müstəsna rola malikdir.
İqtisadiyyatın müxtəlif sahələrində Çin ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu söyləyən M.Qasımlı bildirib ki, Avropa ilə Asiyanı birləşdirən, Şimal ilə Cənub arasında olduqca strateji coğrafiyada yerləşən Azərbaycan ölkəmizin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsini təmin edən mühüm infrastruktur layihələrinə imza atıb. Müasir magistrallar, dəmir yolları, hava və dəniz limanları, həyata keçirilən islahatlar Azərbaycanın bu sahədə mövqeyini gücləndirərək, onu beynəlxalq şirkətlər üçün daha da cəlbedici edir. Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artımın olması bu sahədə qazanılan uğurun göstəricisidir.
“Eyni zamanda, Azərbaycanda ötən illər ərzində olduqca əlverişli investisiya mühiti yaradılıb, ölkəmizdə beynəlxalq şirkətlər tərəfindən uğurlu layihələr icra edilir. Azərbaycanda Çin kapitalı ilə qeydə alınan 375 şirkətdən 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin bu yaxınlarda Azərbaycan-Çin Biznes Forumu çərçivəsində Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair yeni sazişlər imzalanıb. Bütün bunlar əlbəttə ki, ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin dinamik inkişafını nümayiş etdirir”, - deyə deputat vurğulayıb.
Həmçinin bildirilib ki, bu gün Azərbaycanda bərpaolunan enerji sektorunda mühüm layihələr uğurla icra edilir. Bu sahədə qabaqcıl enerji şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Təbii ki, Çin də bu sahədə böyük təcrübəyə malikdir. Dövlətimizin başçısının bildirdiyi kimi, Çin şirkətləri Azərbaycanın yaşıl enerji sektoruna sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışıblar. Eyni zamanda, Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində COP29 ərəfəsində 160 elektrik mühərrikli BYD markalı avtobus ölkəmizə gətirilərək marşrut xəttinə çıxarılıb. Ötən il şirkət ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanda elektrik avtobusların istehsalının qurulması da nəzərdə tutulur. Bu, böyük perspektiv vəd edir.
“Azərbaycan Prezidentinin dövlət səfər çərçivəsində “Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in imzalanmasının iki ölkə arasında əlaqələrin bir çox sahələrdə dinamik inkişafına təkan verəcəyini söyləyən deputat bildirib ki, ötən illər ərzində Azərbaycan turizm sektorunun inkişafı üzrə olduqca müasir infrastruktur qurub. Füsunkar təbiət, müasir infrastruktur ilə yanaşı, viza rejiminin ləğvi ölkəmizə dost Çindən turist axınının daha da artmasına imkan yaradacaq”, - deyə deputat qeyd edib.


