Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı dərinləşdirəcək - ŞƏRH

Hit: 161
Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı dərinləşdirəcək - ŞƏRH
Azərbaycanın və Çinin strateji tərəfdaşlığı bir-birinə hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Tarixi köklərə söykənən bu prinsiplər ötən il 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə rəsmi strateji müstəviyə qədəm qoyub. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində sözügedən Birgə Bəyannaməni şərh edərək deyib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər. Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
 
Onun sözlərinə görə, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi göstəricilərində artım iki ölkə arasında daha da dərinləşən iqtisadi əməkdaşlığın göstəricisidir. Deputat daha sonra deyib: “Bununla belə, iki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Bu məsələyə xüsusi diqqət çəkən Prezident İlham Əliyev mövcud potensialın nədən ibarət olmasına aydınlıq gətirib. Belə ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək mühüm mexanizm kimi təqdim olunub. Həmçinin, Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərin uğur qazanmasının rəhni kimi vurğulanıb.
 
Təsadüfi deyil ki, bu gün Azərbaycan Çinin Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Azərbaycan bu istiqamətdə ciddi praktik layihələr həyata keçirməkdədir. Elə dövlət başçısı da müsahibəsində əminliklə deyib ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir: “2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
 
Sözügedən müsahibədə, eyni zamanda, iki ölkə arasında humanitar mübadilələrin də inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Çin dilinin öyrənilməsi proqramları və turizm sahəsindəki artım, iki xalq arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir. Ötən il Azərbaycana gələn çinli turistlərin sayının iki dəfə artması, bu sahədəki müsbət tendensiyaların göstəricisidir”.
 
Milli Məclisin deputatı Prezident İlham Əliyevin Çinə dövlət səfərinin strateji tərəfdaşlığı dərinləşdirəcəyi qənaətindədir. “Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Ölkələrimiz qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində əməkdaşlığın sabit inkişafını təmin edir. Həmçinin, Azərbaycan və Çin sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış edir. Sözsüz ki, Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcək”, - deyə o bildirib.








Redaktorun seçimi