Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir - ŞƏRH

Hit: 216
Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir - ŞƏRH
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında dostluq münasibətləri də yüksək səviyyədə inkişaf edib və son illər daha da dərinləşib. 2024-cü il iyulun 3-də qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Eyni zamanda, Bəyannamədə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib.
 
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
 
Deputat ötən il hökumət və parlamentin yüksəkvəzifəli üzvlərinin, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərlərinin, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələrinin Çinə səfərini xatırladaraq deyib: “Eləcə də, ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər.
 
Çinin Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı əlamətdar bir hadisə olub. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış edib və onlar geniş beynəlxalq dəstək alıblar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
 
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir”.
 
P.Vəliyeva qeyd edib ki, Azərbaycan həm də Çinin Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.
 
“Belə ki, Çin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Bir kəmər bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
 
Bununla yanaşı, Birgə Bəyannamənin şərtlərindən irəli gələrək iki ölkə arasında dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur.
 
Hesab edirəm ki, vətəndaşlarımızın ölkələrə vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
 
Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarıb, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
 
Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir”, - deyə Milli Məclisin deputatı əlavə edib.








Redaktorun seçimi