Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir - ŞƏRH

Hit: 266
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir - ŞƏRH
Bu gün Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
 
O bildirib ki, müsahibədə dövlətimizin başçısı strateji tərəfdaşlığımızın önəmini xüsusi vurğulayıb. Ötən il Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmətin və etibarın təzahürüdür. Dövlətimizin başçısı müsahibədə vurğulayıb: “Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək. Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.
 
Deputatın sözlərinə görə, Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında da qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti müsahibəsində ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirməklə yanaşı, Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin önəmini vurğulayıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi xeyli artıb.
 
Sevinc Fətəliyeva qeyd edib ki, iki ölkə lideri arasında indiyədək reallaşdırılmış səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. Eləcə də, Azərbaycan daim “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub. Eyni zamanda, Çin Xalq Respublikası da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
 
“Bütün bunlar, o cümlədən Azərbaycanla Çinin beynəlxalq tərəfdaşlığı, iqtisadi əlaqələr, eləcə də beynəlxalq müstəvidə bu ölkənin oynadığı önəmli rol dövlətimizin başçısının müsahibəsində xüsusi vurğulanıb. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun kəsb edəcək”, - deyə deputat vurğulayıb.








Redaktorun seçimi