Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir - ŞƏRH

Hit: 158
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir - ŞƏRH
Son illər Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Bütün bunlar dinamik xarakter daşıyan qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldiyinin göstəricisi hesab oluna bilər.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
 
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Prezident müsahibədə ötən il ölkələrimizin strateji tərəfdaşlıq haqqında Bəyannamə imzaladığını xatırladaraq vurğulayıb: “Ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək”. Dövlətimizin başçısının bəyan etdiyi kimi, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Qəbul olunan Bəyannamə Çini və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.
 
Deputatın sözlərinə görə, hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın 30 illik işğalı dövründə Çin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan isə daim Pekinin “Vahid Çin” siyasətini dəstəkləyir. Eyni zamanda, Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bütövlükdə, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir, eləcə də Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Bundan əlavə, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bakı-Tbilisi-Qars layihəsi, həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
 
“Beləliklə, Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir. Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan məqamlar qarşılıqlı əlaqələrimizin bundan sonra daha da yüksələcəyindən xəbər verir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.








Redaktorun seçimi