Başlıbelin yenidən cənnətə çevriləcəyi gün uzaqda deyil - ŞƏRH

Son 200 ildə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Həmin faciədən artıq 32 il ötür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov deyib.
O qeyd edib ki, 1993-cü il aprelin əvvəllərində, Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilib. Təəssüf ki, onlar kahalarda cəmi 18 gün gizlənə biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındıqları kahaların yerini aşkarladıqdan sonra silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bilib. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.
Q.Sadıqov Başlıbel faciəsinin araşdırılmasının, tədqiqinin dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını vurğulayaraq deyib: “2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində işıq üzü görən nəşrdə Başlıbel kəndində törədilən qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin xatirələri yer alıb.
Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini, ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilən soyqırımı siyasətinin ağır nəticələrini üzə çıxarmaq imkanı yaranıb. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra başlanıb. Xalqımıza qarşı törədilən bütün soyqırımlarını qeyd etmək məqsədilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Prezident Fərmanı imzalanıb. Bununla da dəhşətli soyqırımlarına, faciələrə hüquqi-siyasi qiymət verilib”.
Bu siyasəti uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazanıb. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatında verilib. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur edib. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, bir şəhid verilmədən düşmən tapdağından azad edilib. Baş Planı təsdiq olunan Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilir”.
Sektor müdirinin sözlərinə görə, faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları və ermənilərin digər cinayətlərini təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Belə ki, 2021-ci il fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 2021-ci ilin aprelində Başlıbeldə də belə məzarlıq, 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfərə aid meyit qalıqları aşkarlanaraq kütləvi məzarlıqdan çıxarılıb. 2024-cü ilin fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi şəkildə basdırılan insan qalıqları aşkarlanıb. Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də məlumatın olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərindən xəbər verir.
“Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi hazırda davam edir. Cinayət işində 15 nəfər ittiham olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcridxanasına göndəriliblər. Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın məhkəməsi davam edir”, - deyə Q.Sadıqov bildirib.
O, Başlıbel kəndində törədilən faciə ilə bağlı yazılan əsərlərdən də bəhs edib: “Başlıbel kənd sakini, hadisələrin canlı şahidi Hüseyn Şahbəndəyev hələ 1993-cü ilin mayında “Cavanşir yurdu” qəzetində “Kəlbəcəri verməmək də olardı” sərlövhəli yazısında həm rayonun müdafiəsiz qalması, həm də Başlıbel faciəsi öz əksini tapıb. Həmin hadisələrlə əlaqədar digər məqalələri ilə yanaşı, Hüseyn Şahbəndəyev xeyli əvvəl yazdığı “Qanlı kaha” sənədli hekayəsini 2007-ci ildə Ulduz jurnalının 10-cu nömrəsində çap etdirib. Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə nəşr etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxmalarından bəhs olunur. Qeyd edək ki, Elxan Salahovun qardaşı Kəlbəcər uğrunda döyüşlərin birində şəhid olub.
2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilən 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarlıqda tapıldığını xüsusilə diqqətə çatdırıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.
Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu il aprelin 2-də isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib.
Başlıbeldən danışarkən, ilk növbədə, şəhidlərin, həmçinin kəndin tanınmış ziyalıları Əli Mirzəyevin, Musa Əzizovun, Saleh Mirzəyevin, Zülfüqar Hüseynzadənin xatirəsini hər zaman ehtiramla yad edirik.
Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə vətənpərvər ziyalı ordusu bəxş edən Başlıbelin yenidən cənnətə çevriləcəyi gün uzaqda deyil”.


