Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin çağırışlarından ciddi nəticə çıxarmalıdır - ŞƏRH

Hit: 350
Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin çağırışlarından ciddi nəticə çıxarmalıdır - ŞƏRH
Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq forumda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibətləri və bir sıra digər mühüm məsələlərlə bağlı rəsmi Bakının mövqeyini növbəti dəfə açıq şəkildə ifadə etdi, önəmli mesajlar verdi.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
 
Onun sözlərinə görə, forumda diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunmasıdır. “Ermənistan dostları tərəfindən yeni və ölümcül silahlarla təmin olunduğunu, bunun regionda sülhə və sabitliyə xidmət etmədiyini, prosesin yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxara biləcəyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıq və çağırışlarından ciddi nəticə çıxarmalı, revanşist iddialardan əl çəkməli, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır. Ermənistan nə qədər silahlanırsa silahlansın, Azərbaycanın "dəmir yumruğ"u qarşısında hər zaman acizdir. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz bunu sübuta yetirdi. Bu gün sülh Azərbaycandan daha çox Ermənistana lazımdır”, - deyə S.Salmanova bildirib.
 
Deputat əlavə edib ki, Azərbaycanın Lideri dəfələrlə müxtəlif platformalarda Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb. İkinci Qarabağ müharibəsi başa çatandan sonra dövlətimizin başçısı sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklif etməsinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun Liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir.
 
Səbinə Salmanova deyib ki, Prezident İlham Əliyevin forumda toxunduğu vacib məqamlardan biri Azərbaycanın Türk dövlətlərinin birliyinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlıdır. “Son illər türk dövlətlərinin birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan hədəfə çatmaq üçün önəmli təşəbbüslər irəli sürür, ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var. Azərbaycan Türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli Liderimiz Heydər Əliyev vaxtilə Türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hazırda bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan Prezidenti bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur. ADA Universitetində keçirilmiş beynəlxalq forumda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman dəstək verir, bu ölkələr arasında qarşılıqlı əlaqələr üçün çox yaxşı mühit var”, - deyə o vurğulayıb.








Redaktorun seçimi