Qazanılan böyük uğurlar dünya ictimaiyyətinin Azərbaycana marağını daha da artırır - ŞƏRH

Hit: 275
Qazanılan böyük uğurlar dünya ictimaiyyətinin Azərbaycana marağını daha da artırır - ŞƏRH
Qazanılan tarixi nailiyyətlər, əldə edilən böyük uğurlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini möhkəmləndirməklə yanaşı, dünya ictimaiyyətinin ölkəmizə olan marağını daha da artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ənənəvi olaraq ADA Universitetində keçirilən forum və konfranslar müxtəlif məsələlərə dair Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq nüfuzlu ekspertlər tərəfindən qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
 
“Dövlətimizin başçısı ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çox vacib və aktual məsələlərə toxundu, ölkəmizdə, regionda və beynəlxalq arenada baş verən proseslər barədə sualları ətraflı və əsaslı şəkildə cavablandırdı”, - deyə deputat vurğulayıb.
 
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən illər ərzində Azərbaycanın bütün reallıqları düzgün qiymətləndirərək regional və beynəlxalq müstəvidə uğurlu əməkdaşlıq modeli qurduğunu söyləyən Mircəlil Qasımlı bildirib ki, qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindəndir. Azərbaycanın təklif etdiyi bu platforma regionda və beynəlxalq müstəvidə uğurlu əməkdaşlıq üçün əlverişli şərait yaradır. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan Xəzəryanı dövlətlər, cənubdakı qonşuları, Yaxın Şərq ölkələri ilə çox yaxşı münasibətlər qurub, Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir.
 
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, müasir infrastruktur dünya dövlətlərinin, beynəlxalq şirkətlərin ölkəmiz ilə əməkdaşlığa olan marağını daha da artırır. Beləliklə, Azərbaycan həm coğrafi yerləşməsi, həm güclü siyasi əlaqələri, müasir infrastrukturu ilə faydalı əməkdaşlıq üçün əlverişli məkana çevrilib.
 
Deputat deyib: “Azərbaycanda keçirilən mötəbər COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması qlobal enerji keçidi dövründə dost ölkələrimizin yaşıl enerji sahəsində fəal əməkdaşlığına, qlobal enerji təhlükəsizliyinə töhfə verəcək. “Yaşıl enerji” layihələrindən bəhs edərkən, əlbəttə bu sahədə böyük nüfuza malik şirkətlər tərəfindən Azərbaycanda reallaşdırılan enerji layihələrini xüsusi vurğulamaq istərdim. Təbii ki, bunlar qeyd etdiklərimizin əyani təzahürüdür”.
 
Mircəlil Qasımlı qeyd edib ki, bu gün olduqca gərgin siyasi proseslərin və həssas münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan kimi qarşılıqlı faydalı əməkdaşlığa önəm verən, güclü əlaqələrə malik ölkəyə böyük ehtiyac var. Qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərin normallaşması üzrə ilk uğurun ölkəmizin vasitəçiliyi ilə əldə olunmasına dair fakt bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu gün müttəfiqlik xarakteri daşıyan Azərbaycan – Türkiyə münasibətləri illərdir ölkələrimizlə yanaşı, bölgənin inkişafına, regional təhlükəsizliyi böyük töhfə verir. Eyni zamanda Azərbaycan ilə İsrail arasında çox sıx dostluq münasibətləri mövcuddur. Bu vasitəçilik, eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə önəmli aktor kimi rolunun təzahürüdür.
 
“Vətən müharibəsi Azərbaycan hərbiçilərinin yüksəksəviyyəli hazırlığnın, peşəkarlığının, nizam-intizamının göstəricisidir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi, ordumuzun gücü hesabına Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi, separatizmə son qoydu. Artıq münaqişə bitib. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz potensial təhdidləri və potensial təhlükəni daim nəzərə alır. Ermənistanda mövcud olan revanşist qüvvələr, bəzi xarici dairələr regionda yenidən vəziyyəti gərginləşdirməyə cəhdlər edirlər. Ermənistanı silahlandıranlar bu regionda sülhün bərqərar olmasından narahatdır. Bu xüsusda, Azərbaycan haqlı olaraq ordu quruculuğunu davam etdirir, bu sahəyə böyük vəsait ayırır”, - deyə o əlavə edib.








Redaktorun seçimi