Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir

Hit: 407
Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir
Müasir müstəqil Azərbaycanın uğurlu inkişaf modeli, keçdiyi tərəqqi yolu və müxtəlif sahələrdə qazandığı zəngin təcrübə bu gün bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.
 
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
 
Deputat qeyd edib ki, möhkəm təmələ əsaslanan iqtisadi dayaqların formalaşdırılması, təbii enerji resurslarından səmərəli istifadənin təmin olunması, “Neft kapitalının insan kapitalına” çevrilməsi, beynəlxalq müstəvidə tərəfdaşlıq münasibətlərinin qurulması, həmçinin müdafiə potensialının gücləndirilməsi, vətəndaşlara xidmət sahələrində Azərbaycanın əldə etdiyi zəngin təcrübə inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. Bu baxımdan Azərbaycan ilə əməkdaşlıq zəngin resursları və böyük potensialı olan Somali üçün mühüm önəm daşıyır.
 
Bildirilib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana tarixi səfəri iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcı hesab oluna bilər. İmzalanmış sənədlər də hər iki ölkənin əlaqələrini bir çox sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu razılaşmalar perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır.
 
“Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, görüş çərçivəsində Somalidə sərmayə imkanlarının öyrənilməsi üzrə müzakirələr aparılıb. Azərbaycanın enerji sahəsi üzrə zəngin təcrübəsi, Somalinin bərpaolunan enerji potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə praktiki fəaliyyətə başlanılacağını deməyə əsas verir. Əlbəttə ki, bu əməkdaşlıq enerji keçidi dövründə ölkəmiz üçün səmərəli nəticələr vəd edir”, - deyə M.Qasımlı vurğulayıb.
 
Deputat əlavə edib ki, Vətən müharibəsi və antiterror tədbirləri Azərbaycanın ordusunun gücünü, ölkəmizin müdafiə qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan müdafiə sənayesi sahəsində ciddi uğurlara imza atıb. Yerli istehsal müəssisələrində hazırlanan silah-sursat və texnikalar Vətən müharibəsi dövründə geniş istifadə edildi. Bu baxımdan, “Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” müvafiq hərbi təlimlərin təşkili, müdafiə sənayesi məhsulları ilə təchizat və digər istiqamətlərdə əməkdaşlığı təmin edəcək.
 
“Bu gün böyük qürurla deyə bilərik ki, Azərbaycanın “ASAN xidmət” brendi dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi, yeni və müasir yanaşmaların tətbiqi, sosial innovasiyalar üzrə reallaşdırılan layihələr bu nümunəvi modeli beynəlxalq təsisatlar və ölkələr üçün cəlbedici edir. Bu xüsusda, Somalidə “ASAN xidmət” təcrübəsinin tətbiqi iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək. “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” isə Somalidən olan daha çox tələbəyə Azərbaycanın müasir infrastruktura malik ali təhsil müəssisələrində qabaqcıl təhsil proqramları əsasında təhsil almağa imkan yaradacaq”, - deyə M.Qasımlı qeyd edib.
 
Deputat Azərbaycan-Somali əməkdaşlığının böyük perspektiv vəd etdiyini və qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha fərqli sahələri əhatə edəcəyini bildirib.








Redaktorun seçimi