Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir - ŞƏRH
Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına neçə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, birgünlük antiterror tədbirləri zamanı nail olduğumuz üstünlüklər oldu. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin bu yöndə yorulmadan apardığı mücadilə, Qərbi Azərbaycan amalını eyni əzm və israrla vurğulaması bizim hədəflərimizi konkretləşdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdəki çıxışından sitat gətirib: “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.
“Prezidentin dediyi kimi də oldu. İki ildir ki, fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının dinamikliyi göz önündədir. Beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir, BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və erməni vandalizminin qınanması həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aramsız mübarizəsinin, həqiqətləri beynəlxalq müstəvilərə çatdırma professionallığının, həm də Qərbi Azərbaycan İcmasının son ikiillik əməli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir”, - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu mənada Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır. Təşəbbüs Qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu, artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik platformasına daşımaq məqsədi daşıyır. Qərbi Azərbaycana qayıdışın təmin olunması ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, onların pozulmuş hüquqlarını bərpa etmək, doğma yurd yerlərinə qayıdışlarını təmin etmək üçün Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir.
“İnanırıq ki, dövlətimizin başçısı ən uzaq tarixləri yaxına gətirdiyi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardığı kimi, çox yaxında Qərbi Azərbaycana qayıdışın müjdəsini də xalqa ərməğan etməyə nail olacaq”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.