BMT-nin Brüssel Ofisində Azərbaycanda minalarla mübarizə mövzusuna həsr edilmiş brifinq təşkil edilib

zərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun səfəri çərçivəsində BMT-nin Brüssel Ofisində Azərbaycanda minalarla mübarizə mövzusuna həsr edilmiş səhər yeməyi brifinqi təşkil edilib.
Tərəfdaşların, Avropa İttifaqına üzv dövlətlərin səfirlərinin və digər qonaqların iştirakı ilə keçirilən görüşdə BMT/BMTİP-nin Brüssel Ofisinin direktoru, BMT sisteminin Avropa İttifaqındakı nümayəndəsi Kamilla Brükner minalarla mübarizə sahəsində qlobal tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, qlobal tərəfdaşlıq minasız Azərbaycana nail olmaq istiqamətində mühüm şərtdir və bu, minalardan zərər çəkmiş icmaların təhlükəsizliyinə, yenidənqurmaya və inkişafa töhfə verir.
Azərbaycan Respublikasının Avropa İttifaqındakı səfiri cənab Vaqif Sadıqov qeyd edib ki, Azərbaycan milli və beynəlxalq tərəfdaşlarla birlikdə minasız dünyaya doğru mühüm addımlar atır. Öz növbəsində, ANAMA-nın İdarə Heyətinin sədri cənab Vüqar Süleymanov Azərbaycanın minatəmizləmə fəaliyyətində yeni standart müəyyən etdiyini vurğulayaraq yeni yaradılmış Minalardan Təmizləmə üzrə Mükəmməllik Mərkəzinin əhəmiyyətini diqqətə çatdırıb. BMTİP tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanda mina təhlükələrini aradan qaldıracaq, habelə mina və müharibənin partlayıcı qalıqlarından (ERW) təsirlənmiş digər ölkələrə dəstək olmaq üçün milli minalarla mübarizə agentliyinin potensialını artıracaq.


