COP29-a ev sahibliyi Azərbaycana olan etimadın göstəricisidir - Nigar Arpadarai

COP29-a hazırlıq mərhələsində bir neçə mühüm tədbir və proses var. Bonnda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının köməkçi orqanlarının 60-cı konfransı bu qəbildən olan önəmli tədbirdir. Konfransda COP29-a böyük maraq var və iqlim dəyişikliyi mövzusunda aktiv olan dövlətlərin nümayəndələri, müxtəlif qurumlar, vətəndaş cəmiyyəti təşkilatları və digər aktorlar bu tədbirdə fəal iştirak edirlər. Azərbaycan da bu konfransda yaxından iştirak edir, ayrıca pavilyonla təmsil olunur və proseslərə öz töhfəsini verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O bildirib ki, Azərbaycan tərəfi hazırda bu konfransda təşəbbüslərini və layihələrini təqdim edir, danışıq qrupları ilə müzakirələr həyata keçirir, COP29-la bağlı logistika və digər məsələlər barədə fikir mübadiləsi aparır.
N. Arpadarai diqqətə çatdırıb ki, onların komandası qeyri-dövlət qurumları, yəni, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları, sahibkarlar, şəhər nümayəndələri, xeyriyyə cəmiyyətləri ilə iş aparır, onlarla hökumətlər arasında körpü yaratmaq missiyasını həyata keçirir. Konfransda COP29-a böyük maraq müşahidə olunur və noyabr ayında qlobal iqlim icması Bakıda bir araya gələcək.
Azərbaycanın indiyədək bir çox beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladan deputat COP29-un miqyasına və nüfuzuna görə onlar arasında ən böyük beynəlxalq tədbir olduğunu deyib. Bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük hadisədir və ölkəmizə olan etimadın göstəricisidir.


