Ermənistanın nicat yolu yalnız sülhdədir - ŞƏRH

Cənubi Qafqazda sülhün bərqərar olunması nəinki region ölkələri, eləcə də dünya üçün vacib amildir. Hazırda məhz Azərbaycanın təşəbbüsü əsasında sülh gündəliyinin irəli aparılmasına və uzun illərdən sonra Ermənistanla sülh müqaviləsinin bağlanmasına yaxınıq. Münaqişənin tarixinə baxanda məlum olur ki, “böyük Ermənistan” xülyası əsasında dənizdən-dənizə kimi absurd münaqişənin müəlliflərinin bu ideyalarını həyata keçirmələri üçün mümkün şərait 1990-cı illərin əvvəllərində yaranıb. Ölkəmizin müstəqilliyini yeni əldə etməsi, hakimiyyətdə təmsil olunanların səmərəsiz fəaliyyəti və şəxsi ambisiyaların dövlət və dövlətçilik ideyalarından öndə olmasını başa düşən düşmən torpaqlarımızı işğal etmişdi. Məhz siyasi hakimiyyətdəkilərin buraxdıqları ardıcıl və böyük səhvlər nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinə nə az, nə çox 30 ilə yaxın vaxt lazım oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
O bildirib ki, bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Müzəffər Ali Baş Komandanın rəhbərliyində Azərbaycan konstruktiv və adekvat mövqe sərgiləsə də Ermənistan hər vəchlə sülhün qarşısında əsas əngəl olub. Torpaqlarımızın dinc yolla qaytarılması istiqamətində atılan bütün addımlar Ermənistan tərəfindən rədd olunub, münaqişənin dinc yolla nizama salınmasının mümkünsüzlüyü, yeni ərazilərin işğalına cəhdlər kimi qeyri-konstruktiv mövqe nümayiş etdirilib. Müharibənin bitməsindən 4 ilə yaxın vaxt keçib, indi bir daha hər kəsə aydın olur ki, bu gün sülhün qarşısında əngəl olanlar elə Azərbaycan torpaqlarının dinc yolla geri qaytarılmasına imkan verməyənlərdi. Məhz Fransa bu gün Cənubi Qafqazda sülhün bərqərar olmasına ən böyük maneələrdən biridir və sülh müqaviləsinin imzalanmasına imkan vermir. Məhz rəsmi Paris özündə olan xaosu, həyata keçirdiyi müstəmləkəçilik siyasətindən fikri yayındırmaq məqsədilə diqqəti Ermənistana tərəf yönləndirir.
“Bu gün təbii ki, Ermənistan rəhbərliyi və erməni xalqı da başa düşür ki, sülhdən başqa nicat yolu yoxdur. Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, “Qisas” əməliyyatı, lokal xarakterli antiterror tədbirləri ölkəmizin tarixi qələbələri ilə yadda qaldı. Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunması həm də Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələndi. Ermənistan Ordusundan fərari olanların sayı 10 mini keçdi və məcbur qalaraq “ağ bayraq” qaldırdılar. Ölkəmiz o zaman olduğu kimi indi də humanistlik nümayiş etdirdi, kapitulyasiya aktını imzalatdırdı və nəticədə Ermənistanın müharibədə məğlub olmasını rəsmiləşdirdi. Məhz bu gün Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəçilər olmadan aparılır, məhz delimitasiya və demarkasiya işləri uğurla davam edir. Bütün bunların nəticəsində ölkəmiz 28 illik tarixi olan çox ciddi bir problemi həll etdi, münaqişəni beynəlxalq humanitar hüququn tələbləri çərçivəsində nizama saldı”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
Adil Əliyev qeyd edib ki, bu gün rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk qrupunun ləğv olunmasını tələb edir. Belə ki, bu qrup sözügedən missiya altında heç bir əməli fəaliyyət göstərməyib. Əksinə, indi görürük ki, münaqişənin həllinə cavabdeh olan üzvlərdən biri daim pozuculuq fəaliyyəti ilə məşğul olub, həllə imkan verməyib. Regionda sülhün qarantı olan Azərbaycan sabitliyi, birgəyaşayışı, tolerantlığı dövlət siyasəti səviyyəsində aparan dövlətdir. İstər qonşularımızla, istərsə də dünyanın müxtəlif bölgələrində yerləşən dövlətlərlə qurulmuş mehriban əməkdaşlıq siyasəti məhz Azərbaycan xarici siyasətinin uğurudur.


