“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

Hit: 343
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib
Milli Məclis Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
 
Faktor.az xəbər verir ki, qanun layihəsi parlamentin mayın 12-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
 
Layihədə Mülki Prosessual Məcəllənin 350.4-cü və Ailə Məcəlləsinin 68.6-cı, 118.20-ci maddələrinə təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsidir.
 
Sənəddə Ailə Məcəlləsinin 11.1-ci və 171.2-ci maddələrinə həmin Məcəllənin 13.3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədi ilə dəyişikliklər də təklif edilir. Belə ki “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 may tarixli QanunIa 13.3-cü maddəyə müvafiq dəyişiklik edilərək, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron formada tərtib olunaraq tibb müəssisənin rəhbəri tərəfindən elektron qaydada aidiyyəti qurumların informasiya sisteminə ötürülməsi imkanı qanunvericilikdə təsbit edilib. Bununla əlaqədar olaraq Məcəllənin 11.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi və 171.2-ci maddəsinin ləğv edilməsi təklif edilir.
 
Habelə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışın təqdim edilməli olduğu şəxslərin siyahısının genişləndirilməsi, yəni həmin sənədlərin təkcə barəsində akt qeydi tərtib edilmiş şəxsin müraciəti əsasında deyil, həmçinin şəxsin qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs və barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə də verilməsi təklif edilir. Həmçinin, Ailə Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış” ifadəsinin dəqiqləşdirilərək “məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
 
Digər dəyişikliklərə əsasən, “Dövlət rüsumu haqqında” Qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” sözlərindən sonra “şəhadətnamə” sözünün əlavə edilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumunun tutulması da müəyyən edilir.








Redaktorun seçimi