Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində yeni mərhələ - ŞƏRH

Hit: 645
Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində yeni mərhələ - ŞƏRH
Ötən həftə rəsmi Bakı üçün bir sıra tarixi hadisələrlə yadda qaldı. Avropa dövlətlərinin rəhbərlərinin ölkəmizə səfərləri, imzalanmış sənədlər, Prezident İlham Əliyevlə keçirilən görüşlər və müzakirələr olduqca vacib məsələlərin həllinə fokuslanmışdı.
 
Slovakiyanın Baş naziri Robert Fitsonun səfəri Azərbaycanın Avropada yaratdığı müsbət imic və bu gün aparılan anti-Azərbaycan siyasətinə önəmli dərs idi. Slovakiya ilə imzalanmış vacib sənədlərin əsas hədəfi məhz müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə yənəlmişdi. Bu gün Azərbaycan dünyadakı yeri və rolu hər kəsə məlumdur. Ölkəmiz müasir silahlardan istifadə etməklə Qələbə qazandığı İkinci Qarabağ müharibəsinin uğurlarını masada da inamla davam etdirdi və nəticədə dünya hərb tarixində özünəməxsus yer tutdu. Məhz müasir silah arsenalı ilə təchiz olunmuş rəşadətli Ordunun peşəkar hərbi qulluqçuları ildırımsürətli antiterror tədbirləri zamanı bir daha dövlətimizin qüdrətimizi nümayiş etdirdi.
 
Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
 
Milli Məclis sədrinin müavini deyib ki, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, birlikdə istehsal müəssisələrinin yaradılması istiqamətində atılan addımlar səmərəli nəticəsini verəcək. Səfər zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcək münasibətlər üçün zəmin olacaq. İşğaldan azad olunmuş Ağdam rayonunun Qərvənd kəndində Slovakiya tərəfindən “ağıllı kənd” layihəsinin icrası həm də dostluğumuzun rəmzidir.
 
Ötən həftə Bolqarıstanın Prezidenti Rumen Radevin də ölkəmizə səfərinə toxunan A.Əliyev ümumilikdə bu görüşlərin ölkəmizə yaxın və uzaq perspektivdə nələr vəd edəcəyi ilə bağlı deyib: “Birincisi, Avropa dövlətlərinin Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəltməsi və əməkdaşlıq əlaqələri ölkəmizin vacibliyini dünyaya, o cümlədən Avropaya bir daha nümayiş etdirir. Bu, siyasi sahədə alacağımız dəstəklə bərabər, iqtisadi, ticarət və başqa sahələr üçün də faydalıdır. Azərbaycanın bu il COP29-a ən yüksək səviyyədə hazırlaşması və tədbirin keçirilməsi üçün bütün imkanlarını səfərbər etməsi onu deməyə əsas verir ki, rəsmi Bakı növbəti dəfə Avropanın diqqəti mərkəzindədir.
 
İkincisi, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısı və tərəfdaşıdır. Baş verən hadisələr fonunda Azərbaycan qazının Avropaya çatdırılması, təchizat halqasına yeni üzv dövlətlərin əlavə olunması ölkəmiz üçün vacibdir. Belə ki, bu gün Bolqarıstanın qaza olan tələbatının 50 faizini Azərbaycan ödəyir, 2022-ci illə müqayisədə ötən il qaz təchizatı iki dəfə artıb. Bu, həm iqtisadi cəhətdən faydalıdır, həm də Avropada onun enerji təhlükəsizliyinin qarantı olan Azərbaycanın önəmini artırır.
 
Üçüncüsü, gündəlikdə xüsusi yer alan “yaşıl enerji” məsələsi həm ölkəmiz, həm də dünya üçün olduqca aktualdır. Məhz rəsmi Bakının COP29-a ev sahibliyi, ekoloji fəallığın təmin olunması, eləcə də ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində atdığı bütün addımlar geniş şəkildə təhlil edilir. Belə bir tədbirin dünya ölkələrinin yekdil qərarı əsasında Bakıya həvalə edilməsi qazandığımız nüfuzun əyani sübutudur”.








Redaktorun seçimi