“Şuşanın yeni tarixi başlayır”

Hit: 940
“Şuşanın yeni tarixi başlayır”
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın tacı Şuşada qeyd edildi. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Bu anın sevincini yaşayan hər birimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Şuşa əməliyyatı dünyaya səs salaraq bir dastana çevrilib”.
 
Faktor.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
 
Malik Həsənov qeyd edib ki, bu gün Şuşanın yeni tarixi başlayır:
 
“Mayın 10-da artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Həmin gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlər qayıtdı. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək.
 
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlı xarakter daşıyır. Bu səfərlərin daha çox Şuşaya edildiyi diqqətdən kənarda qalmır. Təkcə dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın bu səfəri çərçivəsində Şuşada açılışı, təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşanın əvvəlki siması özünə qayıdır. 30 illik işğal dövründə hər daşı, qayası bir tarix olan, Azərbaycan xalqının izlərini özündə əks etdirən Şuşanın erməniləşirilməsi istiqamətində nə qədər cəhdlər göstərildi. Lakin bunun mümkünsüzlüyü bugünümüzün reallıqlarından da aydın görünür”.
 
Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında bir daha diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldib.
 
Malik Həsənov diqqəti, eyni zamanda, mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminə, dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışlara yönəldib: “2009-cu ildə Bakı, 2018-ci ildə  Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda  qəhrəmanlıq, zəfər və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.”
 
Millət vəkili vurğulayıb ki, Şuşa ötən il türk dünyasının, bu il islam dünyasının mədəniyyət paytaxtı elan edildi: “Azərbaycanın türk dünyasının, islam dünyasının həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr diqqətdən kənarda qala bilməz. Bu qərar Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Builki “Xarıbülbül” festivalının Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilməsi özündə bütün məqamları ehtiva edir.”








Redaktorun seçimi