Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir - ŞƏRH

Hit: 598
Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir - ŞƏRH
Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfərinin nəticələri bunu bir daha təsdiq edir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.
 
O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Almaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Qarşılıqlı siyasi etimad bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şəraitin yaranmasına səbəb olub. “Azərbaycanda Almaniya investisiyalı 249 şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərir. Almaniyanın Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon dollar, qeyri-neft sektoruna 700 milyon dollardan çox sərmayə qoyduğu məlumdur. Eyni zamanda, bizim ölkəmiz də Almaniyaya 600 milyon dollara yaxın sərmayə qoyub. Bu faktlar ikitərəfli iqtisadi əməkdaşlığın geniş spektrini əks etdirir”, - deyə deputat vurğulayıb.
 
S.Məmmədov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ildən-ilə artması iqtisadi əlaqələrin sürətli inkişaf dinamikasından xəbər verir. 2023-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi 45 faizdən çox artıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 824 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur. Bu, kifayət qədər ciddi bir göstəricidir. Hər iki ölkənin iqtisadi əlaqələrin inkişafında nə qədər maraqlı olduğunu təsdiq edir.
 
Milli Məclisin deputatı bildirib ki, alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrində də fəal iştirak edirlər. Almaniyanın alternativ enerjiyə keçidlə bağlı zəngin təcrübəsi var. Almaniya ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərini dəstəkləyən ölkələrdən biridir. Azərbaycan Prezidentinin səfəri zamanı ölkəmizin COP29 tədbirində Almaniya ilə əməkdaşlığa hazır olduğu qeyd edildi. Prezident İlham Əliyev COP29-la bağlı Almaniyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
 
S.Məmmədov vurğulayıb ki, yaşıl enerjiyə keçid sahəsində əməkdaşlıqda yaxşı potensialın mövcud olması hər iki ölkənin iqtisadi əlaqələrinin bu yeni istiqamətinin inkişafı üçün birgə təşəbbüslərlə çıxış etməsinə imkan yaradır.








Redaktorun seçimi