COP29 ərəfəsində Azərbaycan-Almaniya görüşləri - ŞƏRH

Hit: 396
COP29 ərəfəsində Azərbaycan-Almaniya görüşləri - ŞƏRH
Avropa İttifaqının lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamikliyi ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan-Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Lakin son dövrlərdə Almaniyada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maraq yarandığını və bu mövzu ətrafında iki ölkə rəhbərliyi arasında artıq bir neçə dəfə fikir mübadiləsinin olduğunu müşahidə edirik. Prezident İlham Əliyev bu yaxınlarda çıxışlarından birində Almaniyanın bölgəmizdəki proseslərə yanaşma tərzini təqdir etmişdi. Bu yaxınlarda Almaniya hökumətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də Almaniyada baş tutmuşdu. “Petersberq İqlim Dialoqu”nda iştirak etmək üçün Azərbaycan Prezidentinin Almaniyaya budəfəki səfəri işgüzar xarakter daşıyırdı. “Petersberq İqlim Dialoqu” 2011-ci ildə Almaniyanın ozamankı Kansleri Angela Merkel tərəfindən təsis olunub və qlobal iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı bir forumdur. Bu il COP29 tədbirinə ev sahibliyi edəcək ölkənin rəhbəri kimi İlham Əliyev bu forumun ən çox arzulanan iştirakçı qonağı oldu.
 
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
 
O qeyd edib ki, Prezident İlham Əliyev forum iştirakçılarına ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı ətraflı məlumat verdi: “Prezident Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək istiqamətində apardığı işlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Prezident İlham Əliyev 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırılacağını bildirdi. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayan dövlətimizin başçısı bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq yeni enerji stansiyalarının tikintisinə başlanacağını bildirdi. Prezident qeyd etdi ki, 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Prezident İlham Əliyev öz çıxışında bildirdi: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.
 
Deputatın sözlərinə görə, bu forumda aparılan müzakirələr ilin sonunda ölkəmizdə keçiriləcək COP29 tədbirləri çərçivəsində davam etdiriləcək. Bütün bunlarla yanaşı Almaniya səfəri həm də iki ölkə arasında daha geniş mövzuların müzakirə edilməsi üçün əlverişli bir fürsət oldu.
 
“İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya Kansleri ilə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olundu. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada görüşünü xatırladan ölkə Prezidenti bu görüşün təşkili üçün Almaniya Kanslerinə minnətdarlığını bildirdi və növbəti görüşün Qazaxıstanda keçiriləcəyi haqqında məlumat verdi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ərazidə aparılan bərpa-quruculuq işlərindən danışan Prezident İlham Əliyev bu günə qədər 6 min məcburi köçkünün öz evinə qayıtdığını və yaxın zamanlarda 20 minədək köçkünün də öz doğma torpaqlarına qaytarılacağını bildirdi. Bu səfər Azərbaycanın COP29 tədbirinə hazırlığı baxımından və eləcə də Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlərin möhkəmləndirilməsi baxımından çox böyük uğurla nəticələndi”, - deyə Cavanşir Feyziyev vurğulayıb.








Redaktorun seçimi