Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq - ŞƏRH

Hit: 306
Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq - ŞƏRH
Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır.
 
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
 
O bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir: ”İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm amildir. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələrini verib. Dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü də çatdırmışdı”.
 
Deputatın sözlərinə görə, bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistikaya baxsaq, görərik ki, Almaniyadan bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə 762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir.
 
AHİK sədri bildirib ki, dövlətimizin başçısının Berlində keçirilən “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Azərbaycan Prezidentinin şəxsi hörmətindən irəli gəlir: “Prezident İlham Əliyev tədbirdə çıxışında COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman üzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə icra edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkil edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli olacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur. Bu il daha 1300 meqavat gücündə Günəş və külək enerji stansiyalarının tikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var. İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamam fərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Ölkə Prezidenti, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna da toxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə təbii qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub.
 
“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı dövlətimizin başçısı jurnalistin Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı ona ünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan hüquqları dövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur və vətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzun illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəs öz fikrini tam sərbəst şəkildə ifadə edir. Üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, - deyən S.Möhbalıyev fikirlərini tamamlayıb.








Redaktorun seçimi