İlham Əliyevin xalqa növbəti müjdəsi - dörd kənd də qaytarılır - ŞƏRH

Hit: 631
İlham Əliyevin xalqa növbəti müjdəsi - dörd kənd də qaytarılır - ŞƏRH
Azərbaycan-Ermənistan sərhədində tarixi danışıqlar baş tutub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
 
Görüşün nəticələrinə görə, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
 
Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər.
 
Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.
 
O da razılaşdırılıb ki, tərəflər delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
 
Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən, anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
 
Görüşün yekununda protokol imzalanıb və növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.
 
Beləliklə, görüşün nəticələrinin ən mühüm detalı işğal altında olan 4 qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasıdır. Bu da şübhəsiz ki, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbəti böyük qələbədir.
 
İkincisi, 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfər, 2023-cü ilin 19-20 sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxarılmaması və ardınca 4 qeyri-anklav kəndin geri qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış birləşdirən Prezident İlham Əliyevin xalqa növbəti misilsiz hədiyyəsidir.
 
Üçüncüsü, Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanılır, bu istiqamətdə ardıcıl iş aparılırdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan çox mühüm addımdır. Bu çərçivədə nn mühüm məqamlardan biri də odur ki, delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş tutub. Beləliklə, Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, onun ərazisində hərbi məqsədlərinin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatı da iflasa uğramış oldu. Azərbaycan ABŞ və Avropa İttifaqının (Aİ) bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ümumi razılığa gələrək məsələni öz aralarında, üçüncü tərəfin iştirakı olmadan danışaraq həll etdi.
 
Bu razılaşma ilə bir daha təsdiq olundu ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr regionda davam edən proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez təmin ediləcək.








Redaktorun seçimi