Fransa terrorçu simasını gizlədə bilmir - RƏY

Hit: 589
Fransa terrorçu simasını gizlədə bilmir - RƏY
“Rusiyada Azərbaycan əsilli iş adamına məxsus məkanda baş vermiş terror hadisəsində Fransa xüsusi xidmət orqanlarının adının hallanması təsadüfi deyil. Terror aktından dərhal sonra Makronun Fransa Təhükəsizlik Şurasının təcili iclasını keçirərək, “Rusiyada terror aktı törədən “İŞİD-Xorasan qruplaşması Fransada da terror hücumlarına cəhd edir” məzmunlu açıqlaması artıq şübhələr yaratmışdı. Faktlar da Fransanın beynəlxalq terrorizmlə hər zaman sıx əlaqələri olduğunu göstərir”.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
 
Deputat bildirib ki, Suriyada vaxtı ilə fəaliyyət göstərən və bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən ifşa edilən, Fransaya məxsus sement zavodunun İŞİD-i maliyyələşdirməsi təsdiqini tapan faktlardandır. Eyni zamanda, Fransa illərdir erməni terrorizminin əsas dəstəkçilərindəndir və ASALA-nın əsas mərkəzlərindən biridir. Təsadüfi deyil ki, “Erməni azadlıq hərəkatı”, “Orli qrupu”, diplomatların oğurlanamsı ilə məşğul olan “Gənc ermənilər ittifaqı” kimi terror təşkilatları məhz Fransada yaradılıb. Yəni azərbaycanlılar və türklərə qarşı yaradılan bu terror təşkilatlarının rahat fəaliyyəti üçün ən münbit şərait hər zaman Fransada olub.
 
Onun sözlərinə görə, Fransada türk diplomatlarına qarşı törətdiyi terror aktlarına görə ömürlük həbs cəzası alan ASALA üzvlərinin 2020-ci ildə muzdlu dəstəsi ilə birlikdə Qarabağa gəlməsi də məhz Fransanın dəstəyi ilə reallaşmışdı.
 
“Moskvada baş verən terror aktına gəlincə, əsas məqsəd Bakı ilə Moskva arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini-etnik zəmində ziddiyyət yaratmaq olub. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedevin açıqlaması da göstərir ki, Rusiyanın aidiyyəti strukturlarının bu barədə daha dərin məlumatları var. Yeri gəlmişkən, Fransanın Moskvadakı səfiri də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib.
 
Afrikada da genişmiqyaslı terror aktları törədən, Parisə tabe olmayan siyasətçiləri məhv edən Fransa terrorçu simasını gizlədə bilmir”, -deyə Könül Nurullayeva qeyd edib.
 
Deputat vurğulayıb ki, Cənubi Qafqaza soxularaq, burada stabilliyi pozmağa çalışan Fransa Qarabağ ermənilərindən ibarət legion hazırlayır və onları Ukrayna cəbhəsinə göndərməyə çalışır. Bütün bu davranışlar Makron hakimiyyətinə baha başa gələcək.








Redaktorun seçimi