Dövlətimizin başçısının Gəncəyə hər səfəri şəhərin inkişafına yeni təkan verir - ŞƏRH

Hit: 545
Dövlətimizin başçısının Gəncəyə hər səfəri şəhərin inkişafına yeni təkan verir - ŞƏRH
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, ən müasir texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının daha da artırılmasıdır. İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayarkən bu istiqamətdə hədəfləri bəyan etmişdi. Bütövlükdə, Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
 
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
 
Deputat bildirib ki, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə ki, Prezident tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014, 2014-2018, 2019-2023-cü illər üzrə dövlət proqramları uğurla icra olunaraq bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayıb.
 
Onun sözlərinə görə, ölkənin digər regionları kimi, qədim tarixi, zəngin mədəniyyəti olan Gəncə şəhəri də Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı sayəsində doğma Gəncə daim inkişaf edir, müasirləşir və günü-gündən gözəlləşir. Dövlət başçısının şəhərimizə hər səfəri, səfər zamanı atılan yeni təməllər və yeni obyektlərin açılışları Gəncənin inkişafına yeni təkan verir.
 
“Bu baxımdan, Prezident İlham Əliyevin aprelin 9-da etdiyi səfər də Gəncə və onun əhalisi üçün əlamətdar və yadda qalan oldu. Dövlət başçısı ilk olaraq, Ümummilli Liderimiz Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib. Sonra dövlətimizin başçısı Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Unikallığı ilə seçilən bu kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Bütün bunlar gəncəlilər və şəhərimizin qonaqlarının asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün geniş imkanlar yaradacaq. Cənab Prezidentin şəhərimizə səfərinin ən yaddaqalan məqamlarından biri də Gəncə İdman Sarayının açılışını etməsidir. Belə nəhəng idman kompleksinin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eləcə də, səfər zamanı Prezident tərəfindən Gəncə şəhər stadionunun təməlini qoyulması idmanın inkişafına böyük töhfədir. Gəncə şəhəri təmsil edən deputat kimi deyə bilərəm ki, şəhərimizin əhalisi Prezident İlham Əliyevin Gəncəyə qayğısını yüksək qiymətləndirir və öz minnətdarlıqlarını ifadə edirlər. Bütövlükdə, dövlət başçısının həyata keçirdiyi siyasətin, o cümlədən regionlarda quruculuq və abadlıq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən müdafiə olunması ölkədə intibahın, siyasi sabitliyin, əmin-amanlığın və inkişafın təminatıdır”, - deyə Pərvin Kərimzadə vurğulayıb.








Redaktorun seçimi