Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir

Hit: 539
Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir

“Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında problemlərin tənzimlənməsi: mövcud reallıqlar və beynəlxalq hüquq” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında problemlərin tənzimlənməsi: mövcud reallıqlar və beynəlxalq hüquq” mövzusunda tədbir keçirilib.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, YAP Veteranlar Şurasının üzvü Urxan Ələkbərov tədbirin mövzusunun aktual olduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir.
 
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edib. Onun sözlərinə görə, Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən fəal iş aparılır. “Prezident İlham Əliyev dövlətimizin prinsipial mövqeyini bəyan edib. Lakin Ermənistan öz havadarlarına arxalanaraq müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Vaxtaşırı olaraq şərti dövlət sərhədində hərbi təxribatların törədilməsi də bu məqsədə xidmət edir” , - deyə Arif Rəhimzadə vurğulayıb.  
 
YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov isə çıxışında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaq üçün Ermənistana beş bənddən ibarət təkliflərini təqdim edib. Rəsmi Bakının təklifləri beynəlxalq hüquq normalarına əsaslanır.
 
Mövcud problemlərdən danışan N.Səfərov diqqətə çatdırıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası qarşıda dayanan başlıca vəzifələrdən biridir. Minalanmış ərazilərin təmizlənməsi də əsas çağırışlar sırasındadır. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməsi beynəlxalq humanitar hüquqa dair Cenevrə Konvensiyalarına əsasən onun öhdəliyidir. Natiq, həmçinin dəymiş ziyana görə Ermənistanın kompensasiya ödəməsinin, eləcə də müharibə cinayətlərinə görə cavab verməsinin beynəlxalq hüququn tələbi olduğunu vurğulayıb.
 
Tədbir interaktiv formada davam edib və iştirakçıların sualları cavablandırılıb.








Redaktorun seçimi