Ermənistan geri dönüşü olmayan tunelə salınıb - ŞƏRH

Hit: 601
Ermənistan geri dönüşü olmayan tunelə salınıb - ŞƏRH
Azərbaycan tarixi Zəfərdən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələ də himayədarlarının dəstəyi sayəsində bu addımı atmaqda tərəddüdlərini davam etdirməkdədir. Bunun səbəbi işğalçı Ermənistan və ona dəstək verən bəzi aparıcı Qərb dövlətləri üçün “sirr” olsa da, Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan dövlət kimi bu addımların arxasında hansı maraqların dayandığını çox yaxşı bilir. Ermənistanın yenə də bəzi dünya güclərinin əlində oyuncağa, onların maraqlarının icraçısına çevrildiyini aydın şəkildə görmək üçün təkcə son zamanlar cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir. Otuz il davam edən işğal dövründə də Ermənistan eyni missiyanı yerinə yetirdi. Nəticədə 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi.
 
Azərbaycan dövləti bir qayda olaraq artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllindən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edirdi ki, problemin beynəlxalq miqyas alması nizamlanma prosesinə mane olur. Hər bir dövlətin məsələnin həllinə öz maraqları baxımından yanaşması, maraqların üst-üstə düşməməsi münaqişənin həlli prosesinin uzanmasını şərtləndirdi. Tərəflərin özlərinə qalsaydı, münaqişə çoxdan öz ədalətli həllini tapardı. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə bir daha dünya güclərinin regionda vəziyyətin gərginləşməsində, sülhün və təhlükəsizliyin təmin edilməməsində maraqlı olduqları açıq-aydın görünür. Bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmirlər. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransının keçirilməsi bütün qaranlıq məqamlara işıq saldı. Görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməkdədir. Aprelin 5-də keçirilən görüşlə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.
 
O qeyd edib ki, Azərbaycan tərəfinin haqlı iradlarına, konfransı təxirə salmaq tələblərinə baxmayaraq görüş keçirildi. Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə telefon danışıqlarında görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi adı altında ört-basdır etməyə çalışdılar. Azərbaycan dövlətinin başçısı bu məqamı xüsusi qeyd etdi ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğuladı.
 
Qeyd etdiyimiz kimi, nəticələrdən bir daha aydın oldu ki, görüş regionda sülhün, təhlükəsizliyin təmin edilməsinə deyil, münaqişənin yenidən alovlandırılmasına hesablanıb. İqtisadi yardım adı altında hazırlanan ssenarilərin əsas mahiyyəti aydın şəkildə bəlli oldu. Ursula Fon der Lyayen Brüsseldə bəyan etdi ki, Avropa İttifaqı Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yeni yardımlar edəcək. Bu dəstəyin məqsədi Ermənistanın “iqtisadi inkişafına” köməkdir. Lakin hansı formada ifadə edilməsindən asılı olmayaraq inkaredilməz həqiqətdir ki, bu dəstək anti-Azərbaycan mahiyyəti daşıyır. Görüşün mahiyyətinin iqtisadi yardım ilə əlaqələndirilməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. İqtisadi yardım üçün Brüsseldə bir araya gəlməyə ehtiyac var idimi? Bir daha aydın olur ki, Ermənistanın “iqtisadi inkişafı”nın müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Bu, pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır.
 
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hazırkı dövrün əsas məsələsi sülh müqaviləsinin imzalanması olduğu halda, dünya güclərinin Ermənistana iqtisadi yardım adı altında yarışa girişmələri diqqətdən kənarda qalmır. Avropa İttifaqı ilə yanaşı, ABŞ da Ermənistana 65 milyon dollar məbləğində yardım ayıracaq. ABŞ-ın Azərbaycan ərazilərinin işğalda saxlanıldığı dövrdə mütəmadi olaraq demokratiyaya dəstək adı altında işğalçı dövlətə maliyyə yardımı etməsi məlum olaylardandır. Artıq bu gün bu yardımların mahiyyətində “dəyişiklik” baş verib. Məqsəd guya Ermənistanın iqtisadi inkişafının dayanıqlılığını təmin etməkdir. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin bariz nümunəsi olan bu addımın arxasında çirkin niyyətlərin dayandığı aydındır.
 
Vüqar Rəhimzadə bildirib ki, Brüssel görüşündən əvvəl ABŞ və Avropa İttifaqı rəsmilərinin dövlətimizin başçısı İlham Əliyevə telefon zəngləri, müştərək konfrans zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan qalib Azərbaycan diktə edən tərəfdir. Prezident İlham Əliyevin çıxışlarında daim bu çağırış xüsusi yer tutur ki, heç bir qüvvə Azərbaycanla diktat dili ili danışa bilməz. Ermənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Bu gedişlə Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir. Ermənistan müxtəlif zonalara parçalanacaq. Bu vəziyyətdə Türkiyə riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq haqqında düşünməlidir.
 
YAP Xətai rayon təşkilatının sədri həm də diqqəti “sapı özümüzdən olan baltalar”ın erməni sevgisinə yönəldib. Bildirib ki, 5 aprel görüşündən dərhal sonra daxili bədxahlarımız hərəkətə keçərək ABŞ və Avropa İttifaqının regiondakı oyunlarına bəraət qazandırmağa çalışırlar. Bu xəyanətkar ünsürlər Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyinə utanmadan erməni prizmasından baxırlar. Belə antimilli ünsürlər tərəfindən birbaşa Ermənistana dəstək üçün təşkil olunan görüş bəh-bəhlə təriflənir. Onlar bu kimi addımları ilə xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olduqlarını, əvvəlcədən yazılmış ssenarilər əsasında hərəkət etdiklərini sübut edirlər. Öz şəxsi ambisiyalarına görə dövlətinə, xalqına xəyanət yolunu tutanlar ən böyük cəzaya layiqdirlər.








Redaktorun seçimi