Xarici siyasətimizin əsas istiqamətləri: Qarşılıqlı etimad və əməkdaşlıq - ŞƏRH

Hit: 619
Xarici siyasətimizin əsas istiqamətləri: Qarşılıqlı etimad və əməkdaşlıq - ŞƏRH
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin 20 ildən artıq Prezidentliyi dövrü çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazıldı, əsrlərlə ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında möhtəşəm qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri oldu. Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək və yaradılan möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsinə və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasına hədəfləndi. Bu günümüzün reallıqları fonunda əminliklə qeyd edirik ki, Azərbaycan bu hədəflərə yüksək səviyyədə nail olub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başlayıb.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
 
Azərbaycanın hər bir hədəfinin reallığa çevrildiyini vurğulayan Ə.Salahzadə deyib: “2018-2024-cü illərin uğurlarından bəhs edərkən tarixi Zəfərimizi və ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsini xüsusi qeyd etməliyik. Tarixi Zəfərimiz bir daha təsdiqlədi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Dövlətimizin başçısı güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Prezident İlham Əliyevin güclü xalq, güclü dövlət, güclü Lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir”.
 
Deputat qeyd edib ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni reallıqlar yaradıb: “Tarixi Zəfərimizdən bu günədək Azərbaycana olan təzyiqlər diqqətdən kənarda qalmır. Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror tədbirləri bəzi qüvvələri narahat edib. O vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum ediblər. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır. Bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir. Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüş Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradır. Lakin həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə Prezident İlham Əliyevə telefon zənglərində bu görüşün Azərbaycanın əleyhinə olmadığı bildirildi. Lakin hər kəs bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilir. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.
 
Ə.Salahzadə onu da bildirib ki, dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas komponentləridir: “Ötən dövrdə dostlarımızın sayı çoxalıb, Azərbaycanla müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub, regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfə verib. Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi də bunun bariz nümunəsidir. Ermənistanın havadarlarının tapşırıqlarına uyğun olaraq addımlar atması sülh müqaviləsinin imzalanması prosesini uzadır. Amma reallıq budur ki, sülh müqaviləsinin imalanmasına çox yaxın məsafədəyik. Brüsseldə keçirilən, mahiyyəti özlərinə “gizli”, hər kəsə çox yaxşı bəlli olan görüş sülhə, təhlükəsizliyə böyük maneədir. Qərbin Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməsi diqqətdən kənarda qala bilməz. İqtisadi dəstək adı altında belə görüşlərin keçirilməsinin hansı problemlərə yol açacağı bəllidir. Bu, bəzi dünya güclərinin açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsində maraqlı olduqlarını göstərir. İqtisadi yardım üçün belə görüşlərin keçirilməsinə ehtiyacın olmadığı aydındır. Bu kimi addımlar dünya güclərinə inamı, etimadı heçə endirir. Hazırda əsas çağırış sülh müqaviləsinin imzalanmasıdır. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olan güclər Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməklə iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardımçı ola bilərlər”.








Redaktorun seçimi