Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Hit: 870
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.
 
Faktor.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.
 
Dövlətimizin başçısı vurğulayıb ki, xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
 
“Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”, - deyə Prezident İlham Əliyev qeyd edib.








Redaktorun seçimi