Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Hit: 298
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.
 
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.
 
Gündəlik təsdiqləndikdən sonra Ali Məclis sədrinin müavini Anar İbrahimov iclasın gündəliyindəki birinci məsələ - “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi barədə danışıb. Bildirib ki, Azərbaycanın 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə 2023-cü il oktyabrın 6-da dəyişikliklər edilib. Ali Məclisin Daxili Nizamnaməsində həmin dəyişikliklərə müvafiq uyğunlaşdırma aparmaq məqsədilə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb və Hüquq siyasəti komitəsində müzakirə olunub.
 
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli sənəd haqqında məlumat verdikdən və komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
 
Anar İbrahimov gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında hazırlanmış “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” qanun layihəsi ilə bağlı deyib ki, “Media haqqında” Qanun və buna müvafiq olaraq qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanı ilə Azərbaycanda çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının dəqiq siyahısı müəyyənləşdib. Müvafiq normativ hüquqi aktlarda Naxçıvanın Ali Məclisinin və Nazirlər Kabinetinin çap mediası subyektinin təsisçisi olmaq səlahiyyəti nəzərdə tutulmayıb. Belə olan halda, Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin təsisçisi qismində çıxış etməsi mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. 1921-ci ildən nəşr edilən, ölkəmizin və muxtar respublikamızın ictimai-siyasi həyatında özünəməxsus rolu olan muxtar respublikada yeganə rəsmi qəzetin gələcək fəaliyyətinin tənzimlənməsi məqsədilə Ali Məclis Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək qərarına gəlib. Ali Məclisin qanunvericilik təşəbbüsü hüququ əsasında “Media haqqında” Qanunda müvafiq dəyişiklik edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. Layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən orqanlar (qurumlar) - Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Təqdim edilən qanun layihəsi Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq qurumun iclasında baxılmaq üçün hazırlanıb, deputatlara paylanılıb, ötən il fevralın 20-də isə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Hüquq siyasəti komitəsi tərəfindən Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun tələblərinə uyğun hazırlandığı diqqətə çatdırılıb, layihənin baxılması və qəbulu Ali Məclisə təqdim olunması barədə rəy qəbul edilib.
 
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
 
Deputat Asim Əliyev “Şərq qapısı” qəzetinin muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni həyatındakı rolundan, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərdə muxtar respublikanın, ümumilikdə, Azərbaycanın gələcək taleyi ilə bağlı verilən mühüm qərarların qəzet vasitəsilə xalqa çatdırılmasından danışıb.
 
Anar İbrahimov bildirib ki, ”Şərq qapısı” qəzeti Ali Məclisin normativ hüquqi aktlarının dərc olunduğu yeganə qəzetdir. Bundan başqa, qəzet Ulu Öndər və Naxçıvanın böyük irsinin tərkib hissəsidir. Ümid edirik ki, buna görə də Milli Məclis məsələyə həssas yanaşacaq, qanunda müvafiq dəyişiklik həyata keçiriləcək.
 
Ali Məclisin sədr müavini qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsinə əsasən Ali Məclisin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanununun qəbul edilməsini nəzərdə tutan layihə deputatların 23 səs çoxluğu ilə qəbul edilir. Bu barədə qəbul edilən qərar Ali Məclis sədrinin müşayiət məktubu və müvafiq layihə əlavə olunaraq baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
 
Sonra “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” qanun layihəsi oxunduqdan sonra səsə qoyularaq qərar qəbul olunub.
 
Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Turan Məmmədli, Yeganə Məmmədova, Aidə Allahverdiyeva, Esmira Həsənova və Əmir Babayev içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması və digər mövzularda çıxış ediblər.
 
Anar İbrahimov deputatlar tərəfindən qeyd olunan müraciətlərin ümumiləşdirilərək, Nazirlər Kabinetinə göndərilməsi barədə tapşırıq verib.
 
Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.








Redaktorun seçimi