Azərbaycanın yeni ədliyyə naziri təyin edilib - DOSYE

Hit: 861
Azərbaycanın yeni ədliyyə naziri təyin edilib - DOSYE
Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
 
Faktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
 
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub. 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
 
2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.
 
Xatırladaq ki, bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. O, 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək həmin vəzifədə çalışıb. Fevralın 16-dan ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunmuşdu.








Redaktorun seçimi