İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi, - dünyaya bir mesaj idi

Hit: 568
İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi, - dünyaya bir mesaj idi
Bu günlərdə Azərbaycan xalqı özünün növbəti qələbə sevincini, xoş günlərini yaşamaqdadır. 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində qədirbilən xalqımız yekdilliklə dövlətimizin, xalqımızın xoş sabahları naminə səsini Ölkə başçısı cənab İlham Əliyevə verərək, növbəti dəfə onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bəli, bu addımı atmaqla xalqımız uğurlu sabahlara, əbədi inkişafa, sonsuz qalibiyyətlərə imza atmış oldu.
 
Həqiqətən də bu gün Azərbaycan, istər regionda, istərsə də dünya miqyasında qüdrətli və  söz sahibi olan bir dövlətə çevrilib. Bütün bu qalibiyyətləri xalqımıza Ali Baş Komandan cənab İlham Əliyev bəxş etmişdir. Ölkəmizin tarixi uğurlarımıza ilk sevinən isə Türkiyə Respublikası, türk xalqı oldu. Hər zaman yanımızda olan qardaş Türkiyə daima sevincimizə sevinib, kədərimizə şərik olub. Elə bu səbəbdəndir ki, bir qayda olaraq, bu dəfə də Ölkə başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Bu addım, həm də dünyaya bir mesaj idi.
 
Qardaşlaşmış xalqlarımızın, dövlətlərimizin birlik simvolu, ölkələr arasında olan əlaqələrin səviyyəsinin ən ali səviyyədə olduğunun göstəricisidir. Müzəffər Ali Baş Komandanın ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsi hər iki qardaş xalqlar, dövlətlər arasında olan ikitərəfli əməkdaşlığın, iqtisadi və hərbi tərəfdaşlığın inkişaf etdirilməsi üçün daha mühüm zəminlər yaradacaqdır. Bu gün Türkiyə təkcə Cənubi Qafqaz regionunda deyil, həm də bütün dünyada sülhün, əməkdaşlığın, sabitliyin təmin edilməsi üçün bir qarant ölkəyə çevrilib. Azərbaycan xalqı Türkiyənin əsl qardaş münasibətinin 44 gün davam edən Vətən Müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə dövləti və xalqı Vətən Müharibəsi zamanı bütün resursları ilə Azərbaycan xalqının, dövlətinin yanında oldu, öz sədaqətini əməli ilə sübut etmiş oldu. Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpasında türk şirkətləri çox yaxından iştirak edirlər. Şuşa şəhərində imzalanan tarixi “Şuşa Bəyannaməsi” özü bir daha bütün dünyaya sübut edir ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə qırılmaz tellərlə bir-birinə bağlıdır və bu bağlılığı heç bir qüvvə qıra bilməz.
 
Təvəkkül Mustafayev;
Neftçala rayon ziyalısı
 








Redaktorun seçimi