Azərbaycan liderinin Türkiyə səfəri: Bakı və Ankara yumruq kimi birləşib - RƏY

Hit: 913
Azərbaycan liderinin Türkiyə səfəri: Bakı və Ankara yumruq kimi birləşib - RƏY
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə mühüm strateji məsələlər müzakirə olunub və hazırda Bakı-Ankara bir cəbhədə yer alır.
 
Bunu “Report”un Ankara bürosuna açıqlamasında türkiyəli ekspert, professor Cemal Zehir deyib.
 
O bildirib ki, bunlardan birincisi siyasi prosesləri, əsasən də xarici siyasəti əhatə edir. Ekspert xatırladıb ki, ötən ay Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin mandatı təsdiqlənməyib. C.Zehir söyləyib ki, Ankara bu məsələdə Bakının yanındadır:
 
“Türkiyə lideri bu məsələdə Azərbaycanın yanında olduğunu bildirdi və dəstəyini davam etdirəcəyini diqqətə çatdırdı. İkincisi, bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü olacaq və ilk dəfə olaraq Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da toplantıda iştirak edəcək. Bu barədə Prezident İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində açıqlama verdi. Beləliklə, TDT daha da güclənəcək. Ona görə də bu addım həm təşkilatın güclənməsi, həm də Şimali Kiprin tanınması baxımından tarixi əhəmiyyət daşıyır”.
 
Ekspert, həmçinin söyləyib ki, Azərbaycan və Türkiyə liderlərinin danışıqlarının yekununda qəbul edilən əsas qərarlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsi barədədir. Qarşıdakı müddətdə bununla bağlı lazımi addımlar atılacaq. Eyni zamanda dövlət başçıları Qars-Naxçıvan dəmiryolunun genişləndirilməsinə dair də fikir mübadiləsi aparıblar. Türkiyədən Naxçıvana gedən təbii qaz xəttinin inşasının ən qısa zamanda tamamlanması və Naxçıvanın təbii qaza olan tələbatının təmin olunması barədə razılıq əldə olundu. Həmçinin, TANAP-ın imkanlarının artırılması və Avropaya daha çox qaz ixracı da gündəmdə idi”.
 
C.Zehir vurğulayıb ki, Bakı və Ankara arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi də gündəlikdəki məsələlərdən olub: “Amma bu məsələnin təfərrüatları açıqlanmadı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılıb. Beləliklə, iki qardaş ölkə artıq bir yumruq kimi birləşib”.
 
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfər edib. Səfər R.T.Ərdoğanın dəvəti ilə həyata keçirilib. Bu, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsindən sonra İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.
 
Səfər zamanı iki ölkə liderlərinin görüşü olub. Eyni zamanda bir sıra sənədlər imzalanıb.








Redaktorun seçimi