Prezidentin andiçmə mərasimində dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi - ŞƏRH
Fevralın 14-də ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Prezident İlham Əliyev Azərbaycan xalqının yekdil səsini toplayaraq növbəti dəfə dövlətimizin başçısı seçildikdən sonra and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı. Əlini Konstitusiyamızın və milli-mənəvi dəyərlərimizə uyğun olaraq “Qurani-Şərif”in üzərinə qoyaraq and içən dövlətimizin başçısı beləliklə, növbəti tarixi, taleyüklü missiyanın icrasını üzərinə götürdü.
Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyevin həm də qarşıdakı siyasətin əsas konturlarını səsləndirdiyini və növbəti illərdə ölkəmizi gözləyən məsələlərə, həlli vacib olan proseslərə diqqət çəkdiyini deyən A.Əliyev dövlətimizin başçısının onu yenidən Azərbaycan Prezidenti seçmiş xalqımıza minnətdarlığını bildirdiyini deyib. O qeyd edib: “Bu çıxış 20 ilin hesabatı olmaqla yanaşı, həm də qarşıdakı illərdəki hədəflərimizə fokuslanmışdı. Prezident İlham Əliyev ilk olaraq bizə Qələbə sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsini yad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha elan etdi ki, münaqişənin müharibəsiz həlli imkanı var idi. Azərbaycan dəfələrlə sülh yolu ilə Ermənistandan tarixi torpaqlarımızdan çıxmağı tələb etməsinə baxmayaraq, İrəvan təcavüzkar siyasətindən əl çəkmədi. Əksinə, bu ölkə təxribatlara davam etdi, eləcə də ona dəstək verən xarici qüvvələr, münaqişənin həlli üçün mandat almış dövlətlər sülhə dair heç bir addım atmadılar. Yalnız ölkəmiz tərəfindən həyata keçirilən sülhə məcburetmə tədbirləri nəticəsində Ermənistan ordusu üzərində tarixi qələbə qazanıldı, düşmən döyüş meydanından qaçmağa məcbur oldu və sonda kapitulyasiya aktına imza atdı”.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, dövlətimizin başçısı çıxışında Ermənistan imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, əksinə, mütəmadi təxribatlar törətməklə antiterror tədbirlərini qaçılmaz etdi. Nəticədə Azərbaycan Ordusu yüksək peşəkarlıqla 23 saat ərzində separatçıları təslim olmaq məcburiyyətində qoydu və bununla da ölkəmizin suverenliyi bərqərar olundu.
Diqqətə çatdırılıb ki, ilk dəfə bütöv Azərbaycan ərazisində keçirilən seçkilərdə xalqımız öz Liderinə ən yüksək dəstəyini nümayiş etdirərək, onu yenidən dövlət başçısı seçdi. Prezidentin seçkidə Xankəndi şəhərində səs verməsi isə dünyaya vahid və anlamlı mesaj idi. Prezident İlham Əliyevin məhz vaxtilə xalqımıza qarşı amansız işgəncələrin, repressiyaların, soyqırımının hazırlandığı Xankəndi şəhərində səs verməsi bütün tarixi torpaqlarımız kimi bu şəhərin də düşmən işğalından həmişəlik azad olunmasının dünyaya nümayişi idi. Dövlətimizin başçısının təbirincə desək, “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Azərbaycan Prezidentinin çıxışında xüsusilə vurğuladığı bir neçə məqam var idi. Birincisi, dövlətimizin başçısı şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 min 800 şəhid ailəsinin və qazinin evlə təmin olunduğunu qeyd etdi. Habelə bu il və gələn il də bu proseslərin davam edəcəyini bildirdi. İkincisi, Ordumuzun peşəkarlığına toxunan Prezident bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəkindən daha güclü olmasına diqqət çəkərək, rəsmi Bakının istənilən vəziyyətə hazır olduğunu diqqətə çatdırdı. Eləcə də Ordumuzun silah arsenalının zənginləşdirilməsinə, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət çəkərək, “Komando” briqadalarından danışdı. Dövlətimizin başçısı məhz xüsusi təyinatlı birliklərin sayının artırılmasının, bu prosesin uğurla və sürətlə davam etməsinin önəmini vurğuladı. Üçüncüsü, dövlətimizin başçısı Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinə toxunaraq, yeni infrastrukturun yaradılmasından, şəhərlərin, kəndlərin salınmasından və uzun illər Vətən həsrəti çəkmiş həmyerlilərimizin geri dönüşündən bəhs etdi. O, bu işlərin də bu ildə böyük uğurla davam etməsinə diqqət çəkərək, işğaldan azad olunmuş ərazilərə həyatın döndüyünü bildirdi. Dördüncüsü, Prezident İlham Əliyev tranzit sahəsinin inkişafı ilə bağlı məsələlərə də toxundu, bu gün ölkəmizin Şimaldan-Cənuba, Şərqdən-Qərbə daşımaların əsas ünvanına çevrilməsinin, məhz nəqliyyat infrastrukturunun bizim üçün nə qədər vacib olduğunu söylədi.
Adil Əliyev qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan dövlətlərdən biridir. COP29 kimi mühüm tədbirin keçirilməsinin ölkəmizə həvalə olunması sözügedən fikrin sübutudur. Eləcə də ölkəmizin Qoşulmama Hərəkatı kimi dünyanın ən böyük ikinci təşkilatına rəhbərlik etməsi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanın Hərəkatın fəaliyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin daha da dərinləşməsi istiqamətində qarşılıqlı atılan addımlar məhz dövlətlərimizin qüdrətlənməsinə xidmət edir. Bu dövlətlərlə münasibətlər bizim üçün prioritet önəm daşıyır. Dövlətimizin başçısının dediyi kimi, “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”. Azərbaycan bu gün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də münasibətlərini müsəlman ölkələri ilə dostluğa, qardaşlığa əsaslanaraq qurub. Rəsmi Bakıya hər zaman bu təşkilatlar tərəfindən diqqətlə yanaşılır, münasibətlərin inkişafına xüsusi önəm verilir.
“Dövlətimiz güclüdür, qüdrətlidir, xalq-dövlət birliyi tarixin ən yüksək səviyyəsindədir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında birləşib, bütün maneələrin qarşısını almağa hazırıq və tariximizin ən qüdrətli dövrünə şahidlik edirik. Qarşıdakı illərdə ölkəmiz üçün vacib olan əsas konturlar müəyyənləşib və əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaqdır”, - deyə A.Əliyev vurğulayıb.