"Uzunmüddətli hədəflərə hesablanmış və tendensiyalarla ayaqlaşa bilən layihələr reallaşdırılmalıdır"

Hit: 426
"Uzunmüddətli hədəflərə hesablanmış və tendensiyalarla ayaqlaşa bilən layihələr reallaşdırılmalıdır"
"Azərbaycan diasporunun yaşı elə dövlət müstəqilliyimizin bərpasının yaşı qədərdir. Yəni, 1991-ci il 16 dekabr tarixində bu il 100 illiyini milli qürur hissi ilə qeyd etdiyimiz Heydər Əliyevin təşəbbüsü və imzası ilə təsis və təsdiq edilən 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü (Dünya Azərbaycanlı Türklərinin Birliyi və Həmrəyliyi Günü) ilə başlayıb. Diaspor quruculuğu prosesi inamla və uğurla həyata keçirilib".
 
Bu barədə Bizimyol.info xəbər portalına fəlsəfə doktoru, Diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı danışıb. Ekspert qeyd edib ki, Azərbaycan diasporu dövlətin müstəqilliyinin müasir inkişaf səviyyəsi ilə ayaqlaşa bilib-bilməyib, bu da artıq başqa mövzudur.
 
 
“Son 30 illik diaspor fəaliyyətimizi - təşkilatlanma və formalaşma baxımından qənaətbəxş hesab etmək olar. Yalnız inkişaf mərhələsi qeyri-peşəkar görünür və ümummilli xəttlə uzlaşmır. Necə deyərlər yarım yamalaq gedir. Hansı ki, biz indiki gedilən “yol”u çoxdan qət etməliydik və atılan addımları çoxdan atmalıydıq. Biz bu dövr ərzində oturuşmuş diaspor işimizlə yeni üfüqlərə doğru irəliləməliydik. Çünki, bu işin memarı Heydər Əliyev elə bir dəsti-xətt qoyub, mexanizm müəyyənləşdiribdir ki, buna düzgün baxa və bunu icra etsək hədəfə daha sürətlə çata bilərdik”-deyən ekspert hesab edir ki, 2001-ci ildən bəri hər beş ildən bir keçirilən Dünya azərbaycanlılarının və Azərbaycan diasporunun hesabat yığıncağı hesab edilə biləcək qurultaylarına diqqət yetirsək görərik ki, qurultaylar arasındakı dinamikanı qənaətbəxş hesab etmək olmaz. Belə ki, koordinasiya prosesində və dövlət-diaspor əməkdaşlığında, habelə təşkilatlar arasındakı münasibətlərdə müəyyən boşluqlar var və kifayət qədər təkmil deyil.
 
Yəhya Babanlının fikrincə, bəzi qurumlar dövlətin bu sahədəki yükünü ildən-ilə yüngülləşdirmək əvəzinə daha da ağırlaşdırır.
 
“Əvvəllər 2002-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi dövlət büdcəsindən maliyələşirdisə, hazırda bu qurumun yanında 2018-ci ildə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu da benefisiardır və eyni tələb-təkliflə yaşayır. Hansı ki, ötən müddətdə elə bir prinsip ortaya çıxarılmalıydı ki, diaspor təşkilatları özlərini maddi cəhətdən təmin edə bilsinlər. Hətta rentabelli müəssisələr qursunlar ki, həmvətənlər arasında şəbəkələşməyə ciddi töhfə verə bilsinlər. İnteqrasiya məsələlərini öz vəsaitləri hesabına qarşılasınlar. Adaptasiya mərhələsini keçmək üçün hüquqi prosedurdan keçmək qaydaları və dil, adət-ənənə kimi meyarların tez mənimsənilməsi üçün proqramlar qəbul edib, təlimlər təşkil etsinlər”-deyən ekspert bunun gerçəkləşəcəyinə ümid edir.
 
Yəhya Babanlının fikrincə, bu prosesi tezləşdirmək vacibdir.
 
Ekspert hesab edir ki, bunu biz COVID-19 dönəmində və Vətən Müharibəsində açıq-aydın şəkildə görə bildik.
 
“Bu, milli şüurdan irəli gələn bir hadisə idi. Təbii instiktdir. Biz birləşə bilirik. Problemin və məqsədin bir olması müvafiq nailiyyətlə nəticələnir. Səmimi ifadə edim ki, Azərbaycan diasporunu hər hansısa bir xalqın diasporu, ələlxüsus erməni diasporu ilə müqayisə etməyi məqbul saymıram. Ona görə ki, hər bir etnosun etnik xüsusiyyətləri müxtəlifdir. Fərqli milli və bəşəri cəhətləri mövcuddur. Obyektiv və subyektiv səbəbləri vardır.
 
Erməni diasporuna gəldikdə, bu təşkilat klassikdir və məkrli də olsa, öz sahəsində peşəkardır. Onların dünyada yayılma arealı bizdən iki dəfə genişdir və məskunlaşmalarının yaşı qədimdir. İdeoloji əsaslara söykənən fəaliyyətləri ilə tarixi Vətənlərinə xidmət edə və böyük həcmdə maliyyə dəstəyi göstərə bilirlər”-deyə Yəhya Babanlı qeyd edib ki, biz müasir diaspor sayılırıq və Vətəndən maddi xüsusda birmənalı olaraq asılıyıq. İcmalaşma tariximiz ötən əsrin əvvəllərindən başlasa da, diasporlaşma yenidir.
 
Ekspert hesab edir ki, diaspor fəaliyyəti də öz mahiyyətini dəyişib. Sosial-mədəni yerini siyasi-iqtisadi rola verib.
 
“Formul belədir: biz soruşuruq, "Vətən sənin üçün nə edib?!", onlar soruşurlar ki, "sən Vətən üçün nə etmisən?!". Baxın, bu, bizim fərqimizdir. Amma pessimistliyə qapılmaq əsla və əsla olmaz. Biz artıq qalib xalqın qalib diasporuyuq. İnanıram ki, yaxın gələcəkdə müasir mərhələ başladılacaqdır. Strateji yanaşma ortaya qoyulacaqdır. Görüntü üçün və yaxud hesabat xatirinə tədbirlər deyil, proqram xarakterli düşünülmüş və uzaqgörən layihələr reallaşdırılacaqdır. Uzunmüddətli hədəflərə hesablanmış və tendensiyalarla ayaqlaşa bilən.
 
Bilirsinizmi, diasporla gərək kompleks formatda işləyəsən və ayrıseçkilik etməyəsən. Ən əsası, bu institutu “ələ baxım” öyrətməyəsən. Yoxsa, bu, çox ciddi fəsad yarada bilər. Eyni zamanda, təklif edilən layihələrin mahiyyətini öyrənmədən keçirilməsi effektiv olmur. Tərəfimizdən irəli sürülən bir sıra tövsiyə və təkliflər mənimsənilib. İstər Fondun yaradılması, istər gənclər ilə bağlı düşərgənin təşkili, istərsə də Diaspor Akademiyası kimi layihələr və digərləri. Bu, yaxşı haldır. Biz də bunun marağındayıq. Lakin kor-koranə deyil, ağıllı-başlı şəkildə, "SMART" tədbirlər… Bu işlər diasporların vəsaiti hesabına görülməlidir. Ən azından biz indi bizi birləşdirən ən böyük dəyərlərdən biri Qarabağı qurduğumuz vaxtda-vədədə. “Qarabağ Azərbaycandır!” şüarını diaspor məhəllələri, muzeyləri, parkları xüsusunda inşa edirik. Dünyada azərbaycanlı iş insanlarının müəssisələrini görmək arzusundayıq. Hər hansısa bir mütəxəssisin məqalə və ya müsahibəsindən hər hansısa bir təklifi özününküləşdirmklə iş qurmaq olmaz. Gərək hər bir məsələyə fundamental yanaşılsın, müzakirə olunsun sonra gerçəkləşdirilsin. Əks təqdirdə, tədbir naminə tədbir olacaq”-deyən Yəhya Babanlı vurğulayıb ki, diaspor fəaliyyətin ölkə daxilinə deyil, xaricinə fokuslanmalı olduğu unudulmamalıdır.
 
Ekspertin fikrincə, Azərbaycan diasporu öz mövqeyini möhkəmləndirməli, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət və dövlətləri tam hüquqlu üzvünə çevrilməlidir. Mövqe sahibi olmalıdırlar.
 
Yəhya Babanlının fikrincə, Zəngəzur yolu harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının şüurundan, qapısından keçir.








Redaktorun seçimi