Azərbaycan Prezidentinin Forumdakı çıxışı: - əməkdaşlığın inkişaf direktivlərində yol xəritəsi

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş: Nailiyyətlər və çətinliklər" mövzusunda keçirilən Forumda Prezident İlham Əliyevin çıxışı əslində postmünaqişə dövründə regionda düzgün davranış və bu bölgədə marağı olan beynəlxalq subyektlərin bölgə dövlətləri ilə maraqlarını uzlaşdırmaqla əməkdaşlığın inkişaf direktivlərinin müəyyən edilməsi istiqamətində yol xəritəsi hesab edilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, indiki məqamda, həqiqətən də, belə bir yol xəritəsinə ehtiyac var idi, çünki qütbləşmənin dərinləşdiyi, o cümlədən bir sıra beynəlxalq subyektlərin Cənubi Qafqaz bölgəsində öz maraqlarını işğal, təcavüz və separatizm faktorları üzərindən təmin etməyə çalışdığı bir dövrdə Azərbaycanın yaratdığı yeni reallıq fonunda münasibətlərə ən ali səviyyədə aydınlıq gətirilməsinə ciddi ehtiyac var idi: “Bildiyiniz kimi, Azərbaycan Prezidenti bölgədə işğal və təcavüzə, həmçinin separatizm amilinə son qoymaqla region dövlətləri üçün yeni əməkdaşlıq formatı müəyyən edib. Eyni zamanda, beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərməyi arzu edir. Hətta qalib tərəf olmasına baxmayaraq Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir”.
Deputatın sözlərinə görə, belə bir şəraitdə bir sıra qlobal subyektlərin regiona qeyri-səmərəli formada müdaxilə cəhdləri, regionda sülhü və sabitliyi təhdid edən davranışlar sərgiləməsi adekvat reaksiyaları zərurətə çevirir. Azərbaycan Prezidentinin Forumda çıxışı əslində həmin adekvat reaksiyanın əla nümunəsi idi.
“Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh gündəliyinə hazır olduğunu bəyan etsə də, açıq formada bildirdi ki, əgər Ermənistan tərəfindən Azərbaycana münasibətdə hər hansı formada təhdid müşahidə olunarsa, Azərbaycan beynəlxalq normaları rəhbər tutaraq bu təhlükələri aradan qaldırmaqda qətiyyətlidir. Bu, əslində son dövrlər bir çox Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, Ermənistanı yeni münaqişəyə təşviq etməsi, həmçinin İrəvanın sürətlə silahlandırılması fonunda Azərbaycanın aydın və qətiyyətli mövqeyinin ifadəsi idi.
Prezident İlham Əliyevin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Qərblə, xüsusən Avropa İttifaqı və ABŞ ilə münasibətlərindəki hazırkı ritorika ilə bağlı oldu. Xüsusən Avropa İttifaqının bir sıra strukturlarının Azərbaycana münasibətdə qərəzli ritorikası fonunda Prezident İlham Əliyevin cavabı kifayət qədər aydın oldu - ya həmin adamlar reallıqları başa düşmür, ya da bütövlükdə Azərbaycanın regional və qlobal müstəvidə əhəmiyyətini dərk etmirlər.
ABŞ ilə münasibətlərə gəlincə, Azərbaycan ABŞ da daxil olmaqla, dünyanın heç bir dövləti ilə gərgin münasibətlərin saxlanmasında maraqlı deyil və münasibətlərdəki mövcud situasiya Azərbaycandan yox, məhz Vaşinqtondan, ayrı-ayrı siyasilərin səbatsız bəyanatlarından qaynaqlanır.
Azərbaycan Prezidentinin ADA Universitetindəki çıxışının məğzini ümumiləşdirsək, bu, qalib tərəfin yeni reallıqlar fonunda milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə yönəlmiş Zəfər ritorikası hesab oluna bilər”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.


